Narkotik və psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb

10 Yanvar 2014 19:14 (UTC+04:00)
İrandan Azərbaycana narkotik və psixotrop maddənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Qadir Salamatı gömrük nəzarətindən keçərkən ona məxsus çantadan gömrük nəzarətinə bəyan olunmayan, üzərində "Zam Zam" sözləri yazılmış 1 ədəd plastik qabda 190 ml həcmində metadon məhlulu aşkar edilərək götürülüb. Metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 190 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,19 qram təşkil edir.

Eyni ərazidə İrandan gələn Azərbaycan vətəndaşı Asif Hüseynovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə ümumi xalis çəkisi 51,311 qram olan heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 0,646 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.


AzNews.az