Gülər Əhmədova ilə bağlı Şok iddia

11 Yanvar 2014 10:52 (UTC+04:00)



Sabiq deputata türmənin qapılarını açdıran şəxsin kimliyi qəzetimizə məlumdur; məhbus xanım sübh saatlarına qədər şəhəri və restoranları gəzdirilir; bundan penitensiar xidmət rəhbərlərinin də xəbəri var...


Hazırda Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan, barəsində 3 il azadlıqdan məhrum etmə cəzası verilən sabiq deputat Gülər Əhmədova barəsində redaksiyamıza ilginc məlumat daxil olub.

Təcridxanadakı mənbələrimizdən aldığımız məlumata görə, G.Əhmədovanın türmədə vəziyyəti yaxşıdır. Ona xüsusi münasibət göstərilir, bütün tələbləri dərhal yerinə yetirilir. Bu günə qədər sabiq deputat bir neçə dəfə xəstəxanaya aparılıb və orada müayinə olunub.

Amma mənbənin verdiyi əsas məlumat gerçəkdən də şok xarakterlidir. Xəbərə görə, G.Əhmədovaya mafiya dünyası barədə çəkilən filmlərdə olduğu kimi, ilginc güzəştlər edir. Belə ki, sabiq deputatın deputat dostlarından biri onun mütəmadi olaraq, bir neçə saatlığa da olsa, bayıra çıxmasına şərait yaradır.

Daha doğrusu, bu şəraiti onun vasitəsi ilə yaradırlar. Mənbəmizin sözlərinə görə, həmin deputat türmə rəhbərliyindən xüsusi icazə alaraq G.Əhmədovanı bir neçə saatlığına şəhər turuna çıxarır. Həmin müddətdə sabiq deputatı gəzintiyə, restorana aparan dostu bununla da onun ağır əhvalını düzəltməyə çalışır.

Məlumatda həmçinin bildirilir ki, bu "səfərlər" əsasən gecə saatlarında baş tutur. Belə ki, məhkumlar yatandan sonra G.Əhmədova həkimin yanına getmək adı ilə kamerasından çıxarılır və türmənin qapısı ağzında olan deputat dostunun maşınına mindirilir.

Sabiq deputat səfərdən səhər saatlarında geri qayıdır. Həmin saatlarda G.Əhmədova şəhərdə ən çox sevdiyi yerlərə baş çəkir, lüks restoranlara aparılır və bir qədər əhvalı düzəlir. Mənbəmiz qeyd edir ki, şəhərə çıxarkən deputat ilk baxışdan tanınmaması üçün mümkün olan hər şeyi edir. Türmədəki çox dar çevrə bu səfərlərdən xəbər tutur.

Heç şübhəsiz ki, bu məsələdən penitensiar xidmətin və buu sistemin başında duranlar da xəbərdardır. Yoxsa bu cür ağılalmaz hadisə bir deputatın gücü, ya da pulu ilə baş tutmazdı. Gülər Əhmədova indiki hakimiyyətin və iqtidar partiyasının əhəmiyyətli fiqurlarından olub. Görünür, onun gücünün və hörmətinin heç də hamısı tükənməyibmiş.

Aidiyyatlı orqan və şəxslərin də məsələyə dair münasibətini dərc etməyə hazırıq. (musavat.com)