Səni şiddətlə qınayıram, Əli Kərimli

12 Yanvar 2014 21:05 (UTC+04:00)
Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyin Elçibəyi mənə qarşı apardığın çirkin kampaniyana qarışdırma


Əli Kərimli bütün potensialını üstümə salıb. Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyi Elçibəyi mənə qarşı apardığı öz çirkin kampaniyasına alət edib... Ondan mötəbərliyi şübhəli olan sitatlar düzəldib, sanki Bəydən mənə qarşı ifadə alıblarmış kimi, veriblər "Azadlıq"a... Elçibəyin Əli Kərimli haqda Kələkidə və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm. Dözəmməyəcək, çatlayacaq, əminəm... Onun məni iki dəfə Baş prokurora şikayət etməsinin səbəbini və prokurorluq əhvalatlarının Bəylə bağlılığını da aça bilərdim... Elçibəy ölən günü "Azadlıq" qəzetində onun haqqında çıxan o təhqiramiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə incitmək istəmirəm. Xatırlayırsanmı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilirsənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən? Bu mövzu prinsipcə sənə sərf etmir, axı.

Hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada salıram: "Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf...Mənə bir az kömək edin, daha gücüm çatmır..." ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. "Kələki gündəliyindən"...) Bir Allah şahiddir ki, Bəyin bu xahişini icra etdim və onun olmadığı bir zamanda da mən Əli Kərimlini dartıb bu tərəfə gətirmək üçün bütün imkanlarımı istifadə etdim...

Mən Elçibəyin qurduğu və yönəltdiyi gizli təşkilatın üzvü olmuşam. Prezident olarkən qurulub, Kələki illərində formalaşıb və davam edib. Artıq o təşkilat yoxdur deyə, bunu yazıram; təşkilatın missiyasını indi də söyləməm; lakin bunu bilən iki nəfərin adını şahid kimi çəkirəm - Arzu Səmədbəyli və Arif Rəhimov. Hər ikisi sağdır. Qoy bu adamlar desinlər, mən Bəy üçün kim olmuşam və nələr etmişəm... Bəyin mənə Kələki illərindəki tapşırıqlarından biri də mətbuat vasitəsi ilə AXC və onun Bakıdakı liderlərinin "cızığından kənara çıxmasına imkan verməmək" olub... Xüsusi ilə də Əli Kərimlinin. İndi belə birisi Elçibəydən sitat gətirib, ondan mənə qarşı "ifadə alır". Bu murdarçılığı edən hər kəsə Bəyin əməyi haram olsun...

Bundan sonra nə etsələr yaxşıdır? İndi də tanımadığım bir Salyan sakinindən ərizə alıblar ki, Rauf Arifoğlunun açıqlamalarına görə Müsavatdan çıxıram, keçirəm AXCP-yə. Sonra bu ərizədən məqalə düzəldib, veriblər "Azadlıq" qəzetinə. Üçüncüsü də var: "Azadlıq" qəzetinə yazıblar ki, "Azərbaycan" qəzeti Rauf Arifoğlundan sitat gətirdi"... Ya, sən nə günə qalmısan, Əli Kərimli! Sənin metodların mənim adıma bağladığın Ramiz Mehdiyevin metodlarından daha nə ilə fərqlənir ki! Bir neçə il əvvəl YAP-çılar da yerlərdəki müsavatçı, qeyri-müsavatçıları efirə çıxarıb, "Rauf Arifoğlunun yazdıqlarına etiraz olaraq Müsavatdan çıxıb, YAP-a keçirəm", dedizdirirdilər.

İndi bunu sən edirsən. Müsavatdan adam çıxarıb, bəlkə də ona rüşvət verib, yanına çəkirsən. Amma məntiq harada qaldı? Bu partiyanın başqanı var, DİVAN-ı var. Allahdan qorxmursan, heç olmasa məntiqdən qorx! Gözünü mənə nifrət elə bürüyüb ki, deyəsən mənim qəzetdə işlədiyimi də unutmusan? Mən partiya başqanıyam? Səni şiddətlə qınayıram, Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunu sonu sənin üçün yaxşı görünmür; demədi demə...

Bu yazının yekununda onu deyim ki, "Azərbaycan" qəzeti məndən sitat gətiribsə, sənin müavinin, ideoloqun Fuad Qəhrəmanlı "Səs" qəzetinə Müsavatın əleyhinə açıqlama verib. Bunu da imkanın olanda oxuyarsan.

P.S. Sənə e-posta ilə yazdığım son məktubum yadındamı? Unutma ki, artıq o dediyim son etap gəlib və daha aramızda heç bir körpü, heç bir mənəvi bağ, heç bir baryer qalmayıb. Bunun da suçu məndə deyil..."

musavat.com