Tıxacın insana təsiri- Mütəxəssis rəyləri

13 Yanvar 2014 11:16 (UTC+04:00)
"İki saatdı yolda qalmışam", "20 yanvar dairəsində hərəkət yox idi", "bu yollara görə hər gün işə gecikirəm", "bezdim bu yollardan".


İstər şəhərdaxili, istərsə də şəhərətrafında tıxac gündəlik həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, hər birimiz ən azı gündə bir neçə saatı tıxaclarda keçiririk.

Tıxacda vaxt itirmək adi hala çevrilsə də, gündə 1-2 saat tıxacda qalmaq bizə həm maddi, həm də mənəvi ziyan vurur.

Əvvəlcə başlayaq mənəvi, daha doğrusu psixologiyamıza dəyən zərərdən.

Ötən il respublika ərazisində 2840 yol qəzası baş verib. Yol qəzalarında 1160 nəfər ölüb, 3045 nəfər xəsarət alıb. Əvvəlki illə müqayisədə baş verən yol qəzaları 52, ölüm sayı isə 8 fakt azalıb, xəsarət alanların sayı 48 fakt artıb. Ötən il dekabr ayında 194 yol qəzası baş verib, nəticədə 99 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Qəzalarda ildən-ilə baş verən artımın əsas səbəbləri müxtəlifdir, amma bu qəzalarda tıxacların da təsiri danılmazdır. Bu təsir əllə tutulur olmasa da, gözlə görülə bilir. Qəzaların əsas səbəblərindən biri məhz yüksək sürətdir. Tıxacda uzun müddət qalmış sürücü mənzil başına müəyyən etdiyi vaxtda çatmaq üçün itirdiyi vaxtı yüksək sürətlə kompensasiya etməyə çalışır. Bir çox hallarda bu əvəzləmə sürücü və ya sərnişinlərin canı bahasına başa gəlir. Tıxacın psixologiyamız və səhhətimizdə yaratdığı digər problemləri isə psixoloq izah edir.

Tıxac hansı xəstəlikləri yaradır?


Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, tıxaclarda qalmaq nəinki qəza törətməyə eyni zamanda, ailə və işdə də problemlər yaşamağımıza səbəb olur. Uzun müddət tıxacda qalan sürücü təkcə maşını sürətlə sürmür, ailə üzvləri, iş yoldaşları yaxın ətrafına qarşı da sərt davranır.

Buna görə də, psixoloq sürücülərin psixoloji testdən keçməsinin önəmli olduğunu deyir. Onun sözlərinə görə, sürücülər arasında psixopatların sayı çoxdur, onlar özləri yaşamır, başqalarını da yaşamağa qoymurlar. Xüsusən də, avtobus sürücüləri arasında onların sayı daha çoxdur.

Tıxac yalnız insanlarla münasibətimizə təsir etmir, o həm də bir çox xəstəliklərə də səbəb olur. Psixoloqun sözlərinə görə, son zamanlar infakt, ürək xəstəliklərinin artmasında bu problemin də rolu az deyil.

"Əsəbləşməyin insan həyatını neçə il qısaltdığını demək çətindir, amma bu fakt danılmaz gerçəkdir. Son zamanlar infarktların, ürək xəstəliklərinin sayı artıb. Bunun səbəblərindən biri də gün ərzində saatlarla stress keçirməyimizdir.

İnsan ömrünə təsirinə gəlincə deyə bilərik ki, inkişaf etmiş ölkələrdə insanlar daha çox yaşayırlar. Bizdən fərqli olaraq həyata müqavimət göstərmirlər, sadəcə yaşayırlar. Ona görə də son vaxtlar infaktların da sayı artıb və gəncləşib".

Əlbəttə, səhhətimizə vurulan zərər dolayısı ilə maddi ziyan deməkdir. Tıxacın psixoloji təsirlərini maddi olaraq hesablayıb, nəyisə sübut edə bilmərik. Amma tıxacda qalarkən nə qədər pul itirdiyimizi hesablaya bilərik.

Ekspertlərin sözlərinə görə, paytaxt yollarının heç bitməyən tıxacları benzinin düşməni hesab edilə bilər.

Yolda sıxlıq varsa, avtomobil lazım olan sürəti toplaya bilmir. Aşağı sürətlə istifadə olunan yanacaq sərfi optimal rejimdəkindən çoxdur. Optimal sürət 80-90 km/saat hesab olunur, amma bizim avtomobillər bəzi yollarda 15-20 km/saatla gedirlər. Sürət rejiminə görə normadan 30-40% artıq yanacaq yandırır. Avtomobil sfetafor, tıxacda dayandıqda mühərrik boş işləmə rejimində olur. Orta litrajlı avtomobil 1 saat tıxacda qaldıqda təxminən, 2.8-3 litr benzin sərf edir.

6 il tıxacda


İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, 70 il həyat sürən biri təxminən ömrünün 6 ilini tıxaclarda keçirir. Orta aylıq əmək haqqı alan bir insan tıxaclarda təxminən hər ay 135 manat itirir:

"Orta hesabla hər bir vətəndaş iş günləri iş yerinə yaşayış məsafəsindən asılı olaraq səhər və axşam nəzərə alınmaqla gün ərzində təxminən 1.5 saat tıxacda qalır. Bu isə ömrün əmək qabiliyyətinin 6 ilinə bərabərdir.

Orta statistik azərbaycanlı ayda 20 gün, ayda isə 168 saat işləyir, hər gün isə təxminən 1.5 saat tıxacda qalır. Orta aylıq əmək haqqı alanın bir saatlıq gəliri 2.60 manatdır. Tıxacda qaldıqları müddəti işləsəydilər , ayda 80 manat əlavə gəlir əldə edərdilər. Üstəlik, nəzərə alaq ki, özəl müəssisələrdə insanlar daha yüksək əmək haqqı alır. Ayda 800 manat əmək haqqı alan işçi bir ayda 260 manat itirir".

İqtisadçı ekspertin sözlərinə görə, işə maşınla gedənlərin xərci bir az da artıq olur. Onlar benzin və maşının tıxacda qaldığı müddətdə işləməsini də nəzərə almalıdırlar:

"Maşını olan işçilərin ayda təxminən 40 manat əlavə benzin xərci çıxır. Əlbəttə, avtomobil hissələrinin də tıxac zamanı işlədiyi zaman hər ayda əlavə 15 manat əlavə xərci də nəzərə almaq lazımdır. Bir sözlə, orta aylıq əmək haqqı alan biri ayda 135 manat, maaşının təxminən 32%-ni tıxacda qaldığı üçün itirir".

Ekspert onu da əlavə etdi ki, bəzi qonşu ölkələrlə müqayisədə tıxacda itirdiklərimiz yüksək, bəzilərinə görə isə aşağı rəqəm hesab edilə bilər. Qərbi MDB ölkələri Rusiya və Ukraynadan sonra tıxaclarda itki baxımından üçüncü yerdədir. Gürcüstan və Ermənistanda tıxaclar az olduğu üçün xərclər də azdır.

Tıxacların səhhətimizə və cibimizə vurduğu zərəri öyrəndikdən sonra, bu problemin qısa zamanda həll edilməsini tələb etməmək mümkün deyil. Bəs tıxaclardan nə vaxt, necə xilas ola bilərik?

Maşınların ən çox olduğu yollar?


Ölkədə tıxacların qarşısının alınması üçün yaradılmış Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bu sıxlığı həll edə biləcəkmi?

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı bildirdi ki, şəhərdə 268 işıqfor quraşdırılıb, onların 149-na NİİM nəzarət edir. Bu kameralar vasitəsilə tıxac yaranan kimi Dövlət Yol Polisinə bu barədə məlumat veririk, onlarla birlikdə tıxacın aradan qaldırılması üçün çalışırıq.

"Əhəmiyyətli dövlət tədbirlərində R.Behbudov, Azadlıq, Neftçilər və Bül-Bül prosopektlərində fazanı saxlama əmri tətbiq edilir. Bunun üçün də bir neçə küçədəki sfetaforlara eyni əmr məsələn yaşıl dalğa, yaxud digər rənglərlə bağlı əmr verilir.

İstər adi günlər, istərsə də xüsusi günlərdə eyni qayda ilə işləyirik. Mərkəzin nəqliyyatda siqnala nəzarət sistemi şöbəsi 24 saat fəaliyyət göstərirlər, işıqforlara 24 saat nəzarət edirlər".

Ş.Mehmanqızı iki ildir fəaliyyətə başlayan mərkəzin tıxacların qarşısının alınmasında atdığı konkret addımlardan danışdı. Tıxacların azaldıldığı küçə və prospektlər barədə də məlumat verdi:

"NİİM fəaliyyətə başlamamışdan əvvəl hər kəs bunu etiraf edir ki, işıqforlara və dolayısı ilə tıxaclara nəzarət etmək mümkün deyildi. İki il ərzində əgər 28 may küçəsində 2012-ci ilin sonunda sürət 40 km/saat sürət idisə, 2013-cü ildə bu rəqəm saatda 44 km/saat olub. Bakıxanov küçəsi, Azadlıq və Bül-bül prospektində 2012-ci ili sonunda sürət 31-41 km/saat idisə, ötən il bu rəqəm artaraq 43-46 km/saat olub.

Bu küçələrdə avtomobillərin sayı daha çox olduğundan həmişə sıxlıq müşahidə edilirdi.

"Bakıxanov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələrində H.Əliyev, Neftçilər, Tbilisi, Nobel prospektində nəqliyyat vasitələrinin sayı əvvəlki illərə nisbətən artıb. Bu istiqamətdə isə işlər aparılır. Bundan başqa, yeni fəaliyyətə başlayan "Auto FM" radiosu gündəlik efirlərində tıxacın qarşısının alınması istiqamətində işləyəcək, tıxaclı yollar barədə sürücüləri məlumatlandıracaq".

Ümid edək ki, NİİM qarşıya qoyulmuş planları vaxtında yerinə yetirəcək. Bununla da tıxaclarda daha az vaxt itirəcəyik. Əks halda, hər ay itirdiyimiz pullar həm cibimizə, həm də psixologiyamıza ziyan vurmağa davam edəcək./publika.az/