Qatar bələdçiləri yenidən aksiyaya başladı – Nazirlər Kabinetinə yürüş

13 Yanvar 2014 11:46 (UTC+04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirir.


Aksiya iştirakçılarından AzNews.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin qarşısına toplaşan 70-ə yaxın aksiya iştirakçısı yeni vaqonlardan çıxarılmalarına etiraz etməklə yanaşı, əvvəlki aylardan qalan maaşlarının verilməsini, o cümlədən məvaciblərinin artırılmasını tələb edirlər. Qatar bələdçiləri məvaciblərinin 100-120 manatdan yuxarı qaldırılmasını da istəyiblər.

Aksiya iştirakçılarından 5 nəfər baş nazirin müavini Əli Həsənov tərəfindən qəbul edib. Görüşdə tələblər Ə. Həsənovun diqqətinə çatdırılıb. Ə. Həsənov isə bələdçilərin tələblərinin həlli ilə bağlı lazımı işlərin görüləcəyini də qeyd edib. Aksiya iştirakçıları "Azərbaycan Dəmir Yolları" QSC-nin yanvarın 10-da keçirilən aksiyadan sonra mediaya verdikləri məlumatların həqiqətə uyğun olmadığını da diqqətə çatdırıblar. Hazırda Nazirlər Kabinetinin mühafizə xidməti aksiya iştirakçılarının ərazidən uzaqlaşdırmağa çağırırlar.

Xatırladaq ki, yanvarın 10-da "Azərbaycan Dəmir Yolları" QSC-nin binası qarşısında kişi qatar bələdçiləri etiraz aksiyası keçirib. Aksiyaya səbəb sərnişin qatarında kişilərin əvəzinə qadın bələdçilərin xidmətindən istifadə edilməsi ilə bağlı qərar olub. "Azərbaycan Dəmir Yolları"dən isə bildirilmişdi ki, bu kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında öz fəaliyyətlərini davam etdirəcəklər.

Amid
AzNews.az