Aksiya keçirən bələdçilərə qarşı şok ittiham – Rəisdən açıqlama

13 Yanvar 2014 12:34 (UTC+04:00)
"Azərbaycan Dəmir Yolları"ndan ittiham: "Kişi bələdçilər qanunsuz yüklərin sərhəddən keçirmə hallarına yol veriblər"


"Aksiya keçirənlər bir qrup şəxsdir və vaxtı ilə Bakı-Xarkov sərnişin qatarında bələdçi kimi çalışıblar. Aksiyaçıların əsas tələbləri də bu istiqamətdə qatarlarda işləmək və daha artıq qeyri-qanuni məbləğ əldə etməkdir". Bunu AzNews.az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəisi Elyar Muradov deyib. Kişi qatar bələdçilərinin bu gün Nazirlər Kabinetinin binası qarşısında keçirilən aksiyaya münasibət bildirən E. Muradov onların tələblərini düzgün hesab etməyib: "Kişi bələdçilər yerli qatarlarda işləmək istəmir. Amma yerli qatarlarda əmək haqları Bakı-Xarkov sərnişin qatarından da yüksəkdir. Amma onlar nədənsə beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda işləmək istəyirlər. Bunun da səbəbi məlumdur. Həmçinin, Bakı-Xarkov sərnişin qatarında işlədikləri dövrdə həmin şəxslərdən bizə müəyyən qədər narazılıqlar da daxil olub. Onlar ən əsası qanunsuz yüklərin sərhəddən keçirmə hallarına da yol verirdilər. Bunun əvəzinə yüksək məbləğdə də qazanc əldə edə biliblər. Ona görə də biz onları yerlərini dəyişmək qərarına gəldik".

Departamentin rəisi əlavə edib ki, Bakı-Xarkov sərnişin qatarında işlədikləri dövrdə 120 manat əmək haqqı alan bələdçilər, daxili reyslərdə 200 manat alacaqlar: "Belə olan təqdirdə onlar niyə, beynəlxalq reysdə işləməkdə israrlıdırlar? Deməli imtina etmələrinə səbəb onlar beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda sərhəddən qanunsuz olaraq əlavə yüklərin keçirilməsidir. Biz bütün bu və digər məsələləri nəzərə alaraq qadın bələdçiləri işindən istifadə etmək qərarını vermişik".
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.


Aksiya iştirakçılarından AzNews.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin qarşısına toplaşan 70-ə yaxın aksiya iştirakçısı yeni vaqonlardan çıxarılmalarına etiraz etməklə yanaşı, əvvəlki aylardan qalan maaşlarının verilməsini, o cümlədən məvaciblərinin artırılmasını tələb edirlər. Qatar bələdçiləri məvaciblərinin 100-120 manatdan yuxarı qaldırılmasını da istəyiblər.

Aksiya iştirakçılarından 5 nəfər baş nazirin müavini Əli Həsənov tərəfindən qəbul edib. Görüşdə tələblər Ə. Həsənovun diqqətinə çatdırılıb. Ə. Həsənov isə bələdçilərin tələblərinin həlli ilə bağlı lazımı işlərin görüləcəyini də qeyd edib. Aksiya iştirakçıları "Azərbaycan Dəmir Yolları" QSC-nin yanvarın 10-da keçirilən aksiyadan sonra mediaya verdikləri məlumatların həqiqətə uyğun olmadığını da diqqətə çatdırıblar.

Məlumat üçün bildirək ki, hazırda yerli və beynəlxalq istiqamətlərdə qatarlarda 500 kişi və 450-yə yaxın qadın çalışır.

Amid Əyyuboğlu
AzNews.az