Qarabağ qazisi: “Surət Hüseynovun “Qazilər Fondu”nu tanımırıq”

13 Yanvar 2014 14:29 (UTC+04:00)
AXCP-nin Cəbrayıl Rayon təşkilatının sabiq sədri, Şəhid və girovların azad edilməsi üzrə Cəbrayıl rayonunun sədr müavini və Qarabağ müharibəsi qazisi Vaqif Əlisoy "Qazilər fondu" ilə bağlı bəyanat verib.

AzNews.az-a daxil olan məlumata görə, bəyanatda sabiq baş nazir Surət Hüseynovun yaratdığı "Qazilər Fondu" adlı qurumun fəaliyyətinə etiraz edib:

"Biz Surət Hüseynovun yaratdığı "Qazilər Fondu"nu tanımırıq və bütün qarabağ əlilləri, konkret olaraq- Cəbrayıl rayonundan olan şəhid ailələri, müharibə veteranları Surət Hüseynovu qiyamçı, Azərbaycan dövlətinin, milli hökümətin devrilməsində bir nömrəli günahkar, eyni zamanda Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğalında bilavasitə rol oynayan şəxs kimi tanıyırıq".

Bəyanatda qeyd olunub ki, müharibə veterenları buna münasibət bildirməlidir: "Əgər kimsə bu fondu qəbul edəcəksə, biz bunu qəbul etməyəcəyik.

Müdafiə nazirinin sabiq müavini İsa Sadıqov da Sürət Hüseynovu dəstəklədiyinə görə cavab verməlidir. Yəni, həmin qiyam vaxtı İsa Sadıqov da Surət Hüseynov tərəfindən qanunsuz olaraq həbs olunub və dəhşətli işgəncələrə məruz qalıb. Guya bu şuranı o, Qarabağ qazilərinə kömək məqsədi ilə yaradıb. Biz İsa Sadıqova demək istəyirik ki, onun müdafiə etdiyi təşkilatı tanımırıq və tanımayacağıq da. İsa Sadıqov bu bəyanata münasibət verməlidir".

Bahar
AzNews.az