ARDNŞ-a məxsus ərazidə hərbi sursat aşkar edildi

13 Yanvar 2014 16:00 (UTC+04:00)
Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşa ediləcəyi ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri həyata keçirilir.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumata görə, Şirkətin yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsinin reallaşdırılması üzrə işlər qrafikə uyğun davam etdirilir. Yaxın vaxtlarda Kompleksin inşası üçün ayrılmış ərazidə torpaq-tikinti işlərinin aparılması və inşaat texnikasının cəlb edilməsi nəzərdə tutulub.

Həmin ərazilərin müəyyən hissəsi bir vaxtlar SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olub. Hazırda qeyd olunan torpaq sahələrində mina və partlamamış hərbi sursatların olması ehtimalı araşdırılır.

Bununla əlaqədar yerli və beynəlxalq təcrübə nəzərə alınıb və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) detallı araşdırmanın həyata keçirilməsi işlərinə cəlb edilib. ANAMA tərəfindən 30 hektarlıq (265 000 m2 ərazidə işlər başa çatdırılıb) ərazidə əməliyyat işləri aparılıb, 50 hektarlıq ərazidə isə işlərə başlanılıb (15 000 m2 ərazidə işlər başa çatdırılıb).

Qeyd edək ki, təmizlənmiş ərazilərdən artıq bir neçə partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Ərazidə təmizləmə işlərinin 6 ay müddətində aparılması nəzərdə tutulur.

AzNews.az