Yeni salınan qəsəbədə su anbarları tikiləcək

13 Yanvar 2014 16:44 (UTC+04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakıətrafı kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihələr həyata keçirir.

Tədbirlər Planına uyğun olaraq Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən "Yuxarı Güzdək qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsi qəsəbənin 2000-ə yaxın sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Yuxarı Güzdək qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə 315 mm diametrli polietilen borularla 5,5 km uzunluğunda magistral su xətti çəkilib. Layihəyə uyğun olaraq qəsəbə ərazisində hər birinin tutumu 750 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, 22 km qəsəbədaxili su şəbəkəsi yaradılacaq.

İndiyə qədər görülmüş işlər nəticəsində paylayıcı şəbəkənin 8 km-lik hissəsində işlər başa çatıb, 220 ünvana birləşmə verilib və sakinlər 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Yeni şəbəkənin qurulması ilə paralel olaraq birləşmələrin verilməsi və smart-kart sayğacların quraşdırılması tam başa çatdırılacaq. Bununla da Yeni Güzdək qəsəbəsinin içməli su problemi tamamilə aradan qaldırılacaq.

Qeyd edək ki, Yuxarı Güzdək qəsəbəsi Abşeron rayonunda içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrindən biri idi. 2 min nəfərə qədər sakini olan qəsəbənin kiçik bir hissəsində sakinlər tərəfindən fərdi şəkildə yaradılmış su şəbəkəsi mövcud olub. Bu da sakinlərin normal su təchizatının həyata keçirilməsinə imkan vermirdi və sakinlər həftədə bir dəfə qrafiklə su alırdı. Su şəbəkəsi olmayan yerlərdə isə qəsəbə sakinləri quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alırdı.

Yeni Güzdək qəsəbəsində inşası nəzərdə tutulan 21 km uzunluğunda kanalizasiya şəbəkəsinin 1,5 km-lik hissəsində də işlər başa çatdırılıb.

AzNews.az