Komaya düşən qadının bacısı danışdı

13 Yanvar 2014 20:35 (UTC+04:00)
Dekabrın 18-də 3 saylı klinik xəstəxanada qeysəriyyə əməliyyatı zamanı komaya düşən Günay Lalayevanın bacısı Elza Lalayeva bu olayla bağlı yeni faktlar açıqladı.

Elza Lalayeva bildirdi ki, Sabunçuda yerləşən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərovun dediklərinin əksinə olaraq onun bacısı dekabrın 18-də deyil, dekabrın 13-də xəstəxanaya sağlam şəkildə qəbul edilib. Elza Lalayeva əlavə etdi ki, dekabrın 26-da Mərkəzi Tibbi Xəstəxanaya yerləşdirilən bacısı hazırda koma vəziyyətindədir və o, süni nəfəs aparatına qoşulub. Elza Lalayeva bacısının qeysəriyyə əməliyyatı zamanı komaya düşməsində 3 saylı klinik xəstəxanasının həkimlərini günahlandırır.

Xatırladaq ki, Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Qeyd edək ki, Günay Lalayevanı qeysəriyyə edən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərov deyib ki, xəstə dekabrın 18-də qəbul olunarkən onun vəziyyəti ağır olub. "Müəyyən etdik ki, ağ ciyərlərinə su yığılıb. Sonradan onu Mərkəzi Tibbi Xəstəxanaya göndərdik. Orada xəstəni əməliyyat etdilər. Həkimlər bildiriblər ki, onun uşaqlığında problem olub. Ona görə uşaqlığı çıxarılıb. Lakin qadının halı yaxşılaşmayıb. Ciyərlərinə və qarnına yenidən su yığılıb", - deyə Seymur Ələkbərov bildirib.

Elza Lalayeva "onun bacısının uşaqlığında guya problem olub" fikrinə də öz etirazını bildirərək qeyd etdi ki, əkiz uşaq doğan qadının uşaqlığında problem ola bilməz. Sadəcə olaraq əməliyyat düzgün aparılmadığından Günayın bədəni zəhərlənib və onun uşaqlığında çürümə başlayıb.(Axar.az)