“Onların ordusu nədir ki, təlimləri də nə olsun”

14 Yanvar 2014 12:14 (UTC+04:00)




"Ermənistan münaqişənin həllinə kömək olacaq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında keçirilən görüşlərin təşkilindən yayınır".

Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B. Səfərov bildirib ki, Azərbaycan tərəfi hər zaman icmaların görüşündə maraqlı olub və müxtəlif vaxtlarda bu görüşlərin həyata keçirilməsinə təkan verib. İcma rəhbəri Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin işğal altında olan Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlərdən də danışıb:

"Ermənistan Silahlı Qüvvələri işğal olunan Qarabağın müxtəlif ərazilərində təlimlər keçirir. Guya, döyüş əhval ruhiyyələrini qaldırmaq, peşəkarlıqlarını artırmaq istəyirlər. Əvəzində isə bu təlimlər zamanı bitki örtüyü, tarixi abidələr genosidə məruz qalır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət buna diqqət yetirmir.

Ermənistan düşünür ki, Qarabağı işğalda saxlamaqla, hərbi təlim keçməklə uğur qazanacaq. Əslində isə bu gün erməni əhalisi azalmağa doğru gedir. Ermənistanda insanlar başqa ölkələrə yaşamağa gedirlər, silahlı qüvvələrdə xidmət etmək üçün əsgər qıtlığı yaranıb. Belə olan halda Ermənistanın bu təlimləri hansı uğur qazandıra bilər? Onların ordusu nədir ki, təlimləri də nə olsun".

Amid Əyyuboğlu
AzNews.az