Azad Rəhimov idmançılara çağırış etdi

14 Yanvar 2014 13:49 (UTC+04:00)
"Vüqar Həşimovun vəfatı Azərbaycan xalqı, ictimaiyyəti, idmanı üçün ağır itkidir".

Bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, çox istedadlı, gənc, dünyanın ən yaxşı şahmatçılarından biri olan V.Həşimov bu gün artıq bizimlə deyil: "V.Həşimov uzun müddət idi müalicə olunurdu. Ancaq hamıya məlumdur ki, bu xəstəliyin müalicəsi yoxdur.

Ölkə Prezidentinin xüsusi tapşırığına əsasən və Dövlət Neft Şirkәti, Gənclər və İdman Nazirliyi tərəfindən bütün təşkilati məsələlər həll olunmuşdu və Almaniyada xüsusi klinikada müalicə aparılmışdı, lakin biz artıq Vüqarı itirmişik. Ancaq mən belə düşünürəm ki, o bizimlədi. Və idmançılar bunu hər zaman yada salacaqlar. Mən bütün idman sevərləri çağırıram ki, bu gün onu yad edək və "Allah rəhmət etsin!" deyək".

Nazir hesab edir ki, bu cür yüksəksəviyyəli idmançının xatirəsi əbədiləşdirilməlidir: "Bilirsiniz ki, bu qərarı dövlət qəbul edir. Bunu nazirlik qəbul edə bilməz. Buna görə də hər hansı bir təklifi cənab Prezidentlə məsləhətləşmək vacibdir. Onun fikirləri və baxışı önəmlidir. Son iki gün ərzində V.Həşimovun adını daşıyan hər hansısa bir küçə, mərkəz, kompleksin olması ilə bağlı təkliflər gəlir. Ancaq hal-hazırda hansı qərarın qəbul ediləcəyini deyə bilmərəm".

AzNews.az