Fətullah Gülənin səs yazısı yayıldı - ortalıq qarışdı

14 Yanvar 2014 18:30 (UTC+04:00)
Ərdoğançı media Fətullah Gülənin səs yazısını yaydı - ortalıq qarışdı
Türkiyəni sarsıdan 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra proses tərəflərin bir-birinə güc göstərməsi ilə davam edir. AKP hakimiyyəti bütün qüvvələrini səfərbərliyə almağa, nəzarətindən kənarda olan bütün dövlət qurumlarını nəzarətə götürməyə çalışır.
Yanvarın 13-ü axşam saatlarında prezident Abdullah Güllə görüşən baş nazir Rəcəb Tayyib Ərdoğan yanvarın 14-də AKP-nin parlament qrupunun toplantısına qatılıb. Uzaq Şərq səfərindən dönən baş nazir partiyanın millət vəkilləri ilə ilk görüşündə Türkiyəni sarsıtmaq istəyən qüvvələri hədəf alıb: "Virus orqanizmə daxil olub, gizli şəkildə özünə yer edib, çoxalıb, indi orqanizmi əsir almaq üçün hərəkətə keçməkdədir. Ancaq bu vücud fürsət gözləyən viruslara təslim olacaq qədər zəif deyildir. 17 dekabr Türkiyənin demokratiya və hüquq tarixinə qara bir ləkə olaraq keçib. 17 dekabr təxribatı hazırlanma şəkli, icra mərhələsi ilə keçmişdəki bütün qiyam təcrübələrini geridə qoyaraq millətə, dövlətə xəyanət kimi tariximizə yazılıb".

R.T.Ərdoğan əməliyyatın illərlə hazırlandığını və seçkilərə 3 ay qalmış başladılmasını AKP-yə qarşı açıq təhdid adlandırıb: "Seçkilərdə AKP ilə rəqabətə girə bilməyəcəklərini anlayanların hamısı bu təxribata qoşulub. Bunlar Türkiyədən "Mavi Marmara"nın intiqamını istəyən qüvvələrin əməlləridir. Faiz və silah lobbilərinin Türkiyəyə bağlı olan insanların yürütməsi nə qədər inandırıcıdır?"

Baş nazir Hakimlər və Prokurorlar Yüksək Qurumunun ölkənin istintaq sisteminə təklif etdiyi düzəlişlərdən də danışıb: "Bu düzəlişlər istintaq və məhkəmə prosesinin demokratikləşdirilməsində deyil, onun bəlli bir qruplaşmaya tabe etdirilməsinə xidmət edir. Partiyalar xalqa hesabat verir, hüquq sistemi isə Allahdan başqa heç kimə hesabat verə bilməz. Bütün demokratik ölkələrdə, o sıradan Türkiyədə durum belədir".
Ötən gün Türkiyənin AKP-yə yaxın media orqanları Fətullah Gülənə aid olduğu bildirilən səs yazısını və yazının stenoqramını yayıb. Audioyazıda Fətullah Gülənin hərəkat üzvlərinə daxili proseslərlə bağlı göstərişlər verdiyi bildirilir. ABŞ-dan İstanbuldakı xidmət üzvlərinə zəng edən hərəkat lideri onlara bir sıra göstərişlər verir. Hakimiyyət mediası bu səsyazmanı hərəkatın AKP-yə qarşı təxribatların başında dayanan qüvvə olduğuna sübut kimi təqdim edir. Hərəkat tərəfdarları isə sosial şəbəkələrdə aparılan geniş müzakirələrdə AKP-nin iddialarının əsassız olduğunu önə sürür, hərəkat liderinin daxili məsələlərlə bağlı göstərişlər verdiyini vurğulayırlar.

AKP ilə Hərəkat arasında yaşanan olaylar fəxri sədri Hərəkat lideri Fətullah Gülən olan Qəzetçilər və Yazarlar Vəqfinin mətbuat konfransı keçirərək səslənən ittihamlara sərt münasibət bildirməsinə səbəb olub. Onu da bildirək ki, bu, Vəqfin tarixində ilk mətbuat konfransıdır.

Vəqf başqanı Mustafa Yeşil bildirib ki, Hərəkat 50 ildir hər hərəkəti haqqında xalqa hesabat verən könüllülər təşəbbüsüdür: "Hərəkatın adını paralel dövlət olaraq qəsd etmək, onu dövlətin dayaqlarını zəiflətmək qəsdində durduğunu açıqlamaq böyük yanlışlıqdır. Baş nazir çıxışında Hərəkatı orta əsr Şərqinin haşhaşilər hərəkatı ilə müqayisə edib. Tarixə qaranlıq bir qruplaşma kimi keçmiş hədəfləri cinayət olan, cəmiyyətə bir virus kimi yayılan qatillər birliyi ilə hizmətin eyniləşdirilməsi müzakirə mövzusu ola bilməz".
Yeşil bildirib ki, əgər 50 illik Gülən hərəkatı bu qədər qara işlərlə məşğul olsaydı, dünyanın 160 ölkəsində Türkiyəyə könüllü lobbiçilik edən bir qurum ola bilməzdi: "Nə olursa olsun, hüququn üstünlüyünü qorumaq lazımdır. Hüquq problemi yaşanan bir ölkədə şəxsi və milli güvənlik təhdid altında ola bilər. Əldə hər hansı dəlil, sənəd, sübut olmadan bəlli birliyə söz söyləmək, onu qanunsuz birləşmələrlə, dəstələrlə müqayisə etmək milyonlarla könüldaşı olan bir quruma böhtandır. Biz AKP ilə bağlı önəmli demokratik hərəkətlər etdiyimizi inkar etmirik. "Ergenekon" və "Balyoz" istintaqlarının qüsursuz olduğunu heç kim söyləyə bilməz. Ancaq qəribədir ki, bir neçə ay öncə baş verən Gəzi Parkı olaylarında baş nazir Ərdoğan polisləri göylərə qaldıraraq hökumətin dayaqları elan edir, ancaq bu gün polis haqqında qanunsuz silahlı birləşmələr kimi danışır. Bu yanaşmanı anlamaq mümkün deyil. Bu gün iqtidarın öz nəzarətində olan rəsmi qurumlara etibarsızlıq və etimadsızlıq göstərməsi, onları qanunsuzluqda suçlaması görünməmiş olaylardır. Paralel dövlətlər, qanunsuz birləşmələr, bütün qanunsuz yaradılan quruluşların qanun qarşısında cavab verməsi qeyd-şərtsiz yerinə yetirilməlidir. Bununla belə heç bir siyasi qurum öz rəqiblərinə qarşı saxta ittihamlar irəli sürməməlidir".

Qəzetçilər və Yazarlar Vəqfi sosial mediada AKP-nin liderləri Fətullah Gülənin telefon danışığı ilə bağlı etik olmayan çıxışlarına da münasibət bildirib. Yeşil bildirib ki, bu qanunsuz hərəkət olmaqla yanaşı AKP-nin hərəkata qarşı təxribatıdır: "Səs yazısının önəmli bir məqamı üzərində dayanmağı gərəkli sayıram. Beynəlxalq aləmdə bu şəkildə dinləmələr ya dövlətin güvənlik gücləri, ya da dövlətin nəzarətində olan digər güclər tərəfindən həyata keçirilir. Heç şübhə etmirik ki, Türkiyə də istisna deyil. Hocaəfəndini AKP-dən bir çox şəxs ziyarət edib. Onun özünə aid telefonu yoxdur. Təbii, liderimizin yaxınında olan insanlara zəng edib duyğu və düşüncələrini paylaşan insanlar olub. Həmin səs yazısını dinlədikdə hörmətli Gülənin birlik və bütövlükdən başqa bir arzusu olmadığı aşkar görünməkdədir. Bu səs yazısını qaranlıq məqsədlər üçün qullanmaq heç bir halda hüquq və əxlaqa sığmayan məsələdir".

Yanvarın 14-də səhər saatlarında Van Cümhuriyyət Prokurorluğu Van, Adana, Qaziantep, İstanbul, Kilis, Kayseri şəhərlərində Əl-Qaidə terror təşkilatına yönəlik əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İHH-nın (İnsan Haqq və Hüriyyətləri Humantar Yardım Vəqfi)Kilis ofisində də axtarış aparılıb. Van Polis İdarəsinin Terrorla Mübarizə Müdirliyinin əməkdaşları ofisdə 2 saat axtarış apardıqdan sonra 1 nəfəri saxlayıb. Bundan başqa, ofisdən 10 kompüter polisə aparılıb. Van prokurorluğunun təlimatı ilə İstanbulda aparılan əməliyyatda isə 3 nəfər şübhəli şəxs olaraq saxlanıb. Saxlananlar öncə İstanbul prokurorluğuna aparılıb, bir neçə saat sonra isə həmin şəxslər dindirilməsi üçün Vana göndərilib.

Onu da vurğulayaq ki, İHH başqanı Bülənt Yıldırımın AKP rəhbərliyi ilə sıcaq münasibətləri olduğu bildirilir. Bülənt Yıldırım 2010-cu ildə Fələstinə ümumdünya humanitar aksiyası təşkil etmiş, İstanbuldan yola çıxan "Mavi Mərmərə" gəmisi Fələstinə yaxınlaşarkən İsrail silahlı qüvvələrinin qəfil basqını ilə üzləşmiş, 9 nəfər öldürülmüşdü. Bu olaydan sonra Türkiyə ilə İsrail arasında yaranan gərginlik hələ də davam etməkdədir.
İHH terrorla mübarizə qurumlarının ofislərinə basqın düzənləməsinə kəskin etiraz bildirib. Qurumun baş katibi Yaşar Qutluay baş verənlərin heç bir qanunla izah edilə bilməyəcəyini deyib: "Bu ana qədər irəli sürülən ehtimalların heç birini qəbul etmirik. İHH humanitar fəaliyyətlə məşğuldur. Heç bir halda terrorla bağlılığından söhbət gedə bilməz".

Media mənsubları ilə İstanbuldakı baş ofisdə görüşən Yaşar Qutluay bildirib ki, Kilis ofisi Suriya müsəlmanlarına humanitar yardımla məşğul olub: "Rayon polis bölməsi rəhbərliyinin və Valinin xəbəri olmadan haradan göndərildiyi bəlli olmayan bir qrup ofisimizdə axtarış aparıb, əmlakımızı müsadirə edib. Ofis işçilərindən biri şübhəli şəxs olaraq saxlanıb. Ancaq qəribədir ki, həmin şəxsin evinə deyil, İHH ofisinə basqın olub. Bu məsələ üzərində xeyli düşünmək lazımdır ".

Qutluay bildirib ki, bu olayın təşkilatçılarının İsrailin Türkiyədəki maşalarının olmazısn heç bir şübhə etmir. Kutluay onu da bildirib ki, İHH başqanı Bülənd Yıldırım Küveytdə Suriya bağlı humanitar yardım toplantısındadır. İHH bu yardım aksiyasına 50 milyon dollarla qoşulacaq.

Kilisdə keçirilən əməliyyatdan bir neçə saat sonra isə əməliyyatı başladan Van Polis İdarəsinin müdürü vəzifəsindən azad edilib. Türkiyə mediası bu qərarın hüquqi əsası olmadığını, AKP-nin basıqısı ilə baş verdiyini iddia edir.(Musavat.com)