Çin Titanikin oxşarını yaradır

14 Yanvar 2014 22:52 (UTC+04:00)
Çin 20-ci əsrin əvvəllərində batmış əfsanəvi Titanik gəmisinin oxşarını yaratmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, ancaq sələfindən fərqli olaraq "Çin Titanik"i demək olarsa dəniz üzü görməyəcək, Sixuan vilayətinin məşhur kurort mərkəzlərindən birində bir abidə olaraq qurulacaq.

Sudabatmaz Titanik Çinə nə az nə çox 165 milyon dollara başa gələcək. Sual yarana bilər "Çin hara, Titanik hara". Ancaq "Seven Star" Enerji İnvestisiya Şirkətinin direktoru SU Şaocunun buna özünəməxsus cavabı var.

Onun sözlərinə görə Titanik batan zamanı ortaya çıxan ümumbəşəri sevgi, insan sivilizasiyasının ruhi zənginliyini təmsil edir, bu baxımdan şirkət əfsanəvi gəmini şərq əyalətində (daimi) nümayişə çıxarmağı vacib bilib.

1912-ci ildə baş verən dəhşətli okean qəzası 1500 sərnişinin həyatına son qoyub. Bəziləri belə faciə ilə bağlı parkın yaradılmasını düzgün hesab etməsə də, layihədə iştirak edənlər arasında məşhur aktyor Bernard Hildə yer alır. 1997-ci ilin Holivud blokbasterində çəkilmiş Hil, Titanikin kapitanı Eduard Smitin rolunu oynayıb.

Titanikin Çin versiyasının tikintisinə bu il start verilir, tikinti işlərinin 2016-cı ildə tamamlanacağı gözlənilir.


AzNews.az