Səfər Əbiyev istintaqa cəlb oluna bilər

15 Yanvar 2014 08:49 (UTC+04:00)
Üzeyir Cəfərov: "Yaxın günlərdə Səfər Əbiyevlə bağlı qərar veriləcək"


2 gün əvvəl sabiq müdafiə naziri Səfər Əbiyevə yaxınlığı ilə tanınan Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbinin rəisi vəzifəsini icra edən polkovnik Mirzəli Yusifov həbs olundu. Belə məlumatlar var ki, rüşvət və korrupsiya cinayətlərinə görə tutulan polkovniklə bağlı araşdırmalara sabiq nazir də cəlb oluna bilər.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov M.Yusifovun həbsindən sonra onun barəsində özünün facebook səhifəsində status yazıb:

"Bir neçə il bundan öncə mən Mirzəli Yusifovun komandir olduğu
"N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini polkovnik-leytenant Rasim Muradovun hüquqlarını müdafiə etmişdim. Rasim Muradov "N" saylı hərbi hissədə və onun tərkibində olan sülhməramlı qüvvələrdə yeyinti, rüşvət, əsgərlərin incidilməsinin arxasında Mirzəli Yusifovun durduğu barədə müdafiə naziri Səfər Əbiyevə müraciət etmişdi. Bundan sonra Rasim Muradov onlar tərəfindən təzyiqlərə məruz qalmışdır. Buna görə də Naxçıvana "sürgün" edilmişdi. Orada dağın zirvəsində postda (yayda da o dağın zirvəsi qarlı olur) 4 ay dəyişilmədən xidmət edir. Rasim Muradova ailəsi, 3 azyaşlı uşaqları ilə görüşməyə icazə belə verilmir.

Mən məsələni qaldırdıqdan sonra müəyyən güzəştlərə nail olsaq da, sonradan Səfər Əbiyevin göstərişi ilə Mirzəli Yusifov Rasim Muradova qarşı qondarma cinayət işinin başladılmasını və onun həbsini təşkil etdi. Mirzəli Yusifov özü rüşvətxor ola-ola Rasim Muradovun 5-6 il öncə həmin hərbi hissədə xidmət keçmiş 1-2 əsgəri üzünə qaldıraraq onun özünü rüşvət almaqda günahkar çıxardı. O zaman mən "həmin hərbi hissədə bütün bu rüşvətin başında duran elə Mirzəli Yusifovun özüdür" deyəndə, başladılar məni ona qarşı şər atmaqda qınamağa. Vaxtilə Mirzəli Yusifov ona qarşı fərarilik üstündə qaldırılan cinayət işi üzrə ittiham olunurdu. Səfər Əbiyev müdafiə naziri kürsüsünə əyləşəndən sonra Mirzəli Yusifovun işi "xod" getdi. Bu da axırı. Onu Rasim Muradovun o azyaşlı uşaqlarının qarğışı tutdu".

Xatırladaq ki, hüquq müdafiəçisinin adını çəkdiyi polkovik-leytenant R.Muradov hazırda həbsdədir. O, 2007-ci ildə rüşvət almaq ittihamı ilə həbs olunub və barəsində 8 il həbs cəzası çıxarılıb.


Hərbi ekspert Üzeyir Cəfərov isə həbs olunan sabiq nazirin adamı haqda bunları deyib:

"Mirzəli Yusifovun üzərində Hərbi Prokurorluğun apardığı bir istintaq işi var idi. O təyin olunduqdan sonra Murovdakı hərbi hissəyə getmədi və bir müddət Rusiya ərazisində gizləndi. Amma sonra vəzifəyə qayıtdı. Bunun səbəbi Səfər Əbiyevlə yaxınlığı deyildi. O, Nazirlər Kabinetində çalışan yüksək rütbəli bir şəxsin sayəsində vəzifəyə qayıtdı".

Ü.Cəfərov yaxın günlərdə Səfər Əbiyev haqda qərarın veriləcəyini də söyləyib: "Səfər Əbiyev ölkə daxilində çox sərbəst şəkildə hərəkət edir. Bu yaxınlarda icazə ilə xarici ölkələrin birində olub. O hələ ordu sıralarından tərxis edilməyib, sadəcə, vəzifədən uzaqlaşdırılıb. Səfər Əbiyev prezidentin sərəncamındadı. Qanunverciliyə görə, zabit 3 aya qədər sərəncamda qala bilər. Bu müddət başa çatana kimi ya ordudan tərxis edilməli, yaxud da yeni vəzifəyə təyin olunmalıdı.

Yanvarın sonuna kimi Səfər Əbiyev haqda qərar veriləcək. Çünki həmin 3 aylıq müddət başa çatır. Ölkə başçısı onu vəzifəsindən azad etmədən öncə qəbul edib onunla danışıb. Səfər Əbiyev məzuniyyətdə idi. Məzuniyyət artıq başa çatıb. Hazırda rütbəsinə və sonuncu tutduğu vəzifəsinə görə müavinət alır".

Ü.Cəfərov hesab edir ki, sabiq naziri formal olaraq araşdırmalara cəlb edə bilərlər, amma həbs ediləcəyini real saymır: "Bildiyim qədər ölkə rəhbərliyi Səfər Əbiyevlə bağlı müsbət fikirdədi, onunla bağlı narahatçılıq yoxdu".(musavat.com)