Öz işçiləri Arif Əsgərovu məhkəməyə verdi

15 Yanvar 2014 09:57 (UTC+04:00)
Etirazçı qatar bələdçiləri "Azərbaycan Dəmir Yolları" QSC-nin məhkəməyə verib. Bu barədə məlumatı AzNews.az-a qatar bələdçilərinin vəkili Fəxrəddin Mehdiyevin verib. F. Mehdiyev bildirib ki, iddiaçı tərəf cavabdeh qurumdan əməkhaqqı sistemində ayrı-seçkiliyin aradan qaldırılmasını, qanunla müəyyən edilmiş ezamiyyət xərclərinin ödənilməsini, əmək və kollektiv müqavilənin bağlanmasını, o cümlədən əmək hüquqlarının müdafiəsinin təmin olunmasını tələb edirlər.

İddia baxılması üçün Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatına verilib. Vəkil onu da qeyd edib ki, uzun illər stajı olan qatar bələdçiləri əmək haqqının ödənilməsində ayrı-seçkilikdən daha çox narahatdırlar: "Yeni işə qəbul olunan bələdçilərə, əvvəlkilərindən 4-5 dəfə artıq məvacib verilir, onlar yeni vaqonlarda işləyirlər. Bu da uzun illər bu sahədə çalışan qatar bələdçilərinin narazılığına səbəb olur".

Xatırladaq ki, yanvarın 13-dən başlayaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin qatar bələdçiləri əvvəlcə adıçəkilən qurumun, sonra isə Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar işdən uzaqlaşdırılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasına da etiraz ediblər.

Məhəmməd
AzNews.az