Abbas Abbasov telekanal açır

15 Yanvar 2014 13:04 (UTC+04:00)
"Azerros" yeni telekanal layihəsinə başlayır. Söhbət Albax TV layihəsindən gedir.

AzNews.az "Axar.az"a istinadən xəbər verir ki, əslində Albax TV müxtəlif kanalların paketindən ibarət bir layihədir. Bu paketdə hətta Azərbaycanda fəaliyyət göstərən telekanallar da yer alıb.

Amma söhbət ondan gedir ki, Albax-ın özünün də telekanalı olacaq. Bu ART - "Azərbaycan-Rusiya TV" adlanır. Həmin kanal isə Azərbaycan, Gürcüstan, Türkiyə və digər dövlətlərə yayınlanacaq.

Mənbənin dediyinə görə, yeni kanalda, yəni Azərbaycan-Rusiya TV-də xəbərlər, analitik icmal və digər siyasi-sosial mövzular daha çox yer alacaq. Bu kanala Cəmil Sadıqbəyov adlı bir şəxsin rəhbərlik edəcəyi gözlənilir. Sadıqbəyov əvvəllər "Azerros" qəzetinin baş redaktoru olub.

Mənbənin məlumatına görə, kanalın Azərbaycan bürosunda çalışacaq əməkdaşların da siyahısı tutulub. Bu əməkdaşların əksəriyyəti adı bizə bəlli olan ölkənin tanınmış saytlarından birində çalışırlar.

Telekanalın ofisi isə Moskva şəhəri, Krasnya Presnya küçəsi 24 ünvanında yerləşir. Bir qədər əvvəl isə Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun dəstəyi ilə radio da təsis edib. "Evrazia FM" adlanan radionun "Evrazia.ru" saytı da artıq fəaliyyət başlayıb.

AzNews.az