Orta məktəb şagirdi özünü 7-ci mərtəbədən atıb - FOTO – YENİLƏNİB

15 Yanvar 2014 22:02 (UTC+04:00)
Bu gün Bakının Xətai rayonunda intihara cəhd edən 1997-ci il təvəllüdlü Əhmədov İsmayıl Raqif oğlu hadisədən sonra çatdırıldığı xəstəxananı tərk edib.

Bu barədə məlumatı APA-ya 3 saylı şəhər xəstəxanasının həkimi İlham Qəmbərov verib. Onun sözlərinə görə, həkimlərin israrlarına baxmayaraq, 11-ci sinif şagirdi olan İsmayıl Əhmədovun valideynləri övladlarının xəstəxanada qalmasını istəməyiblər. Həkim bildirib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Ximətinin xilasedicilərinin xilas etdiyi 17 yaşlı yeniyetmə xəstxanaya orta ağır vəziyyətdə daxil olub. Ona qarının küt zədəsi və çoxsaylı qəlpəli sınıqlar diaqnozu qoyulub.

APA intihara cəhdlə bağlı bəzi təfərrüatları da dəqiqləşdirə bilib. Məlum olub ki, İsmayıl Əhmədov Bakının Sulutəpə qəsəbəsində yaşayır. Onun Babək prospektində intihara cəhd etməsi sırf təsadüf olub. Yeniyetmə xilas edildikdən sonra bildirib ki, Babək prospekti-94 ünvanında özünü atmaq üçün yer axtararkən 5-ci mərtəbədə hələ təmiri bitməmiş mənzil tapıb. O, həmin mənzilin eyvanından özünü atsa da, 2-ci mərtəbəyə düşüb. Yaxınlıqdakı vətəndaşlar yaralanan İsmayıl Əhmədovu düşdüyü yerdən çıxara bilməyiblər və FHN-nin "Qaynar xətt" xidmətinə müraciət ediblər.

İsmayıl Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi olsa da, bu tədris ilində dərslərə ümumiyyətlə getmədiyini bildirib. O, intihara cəhdinin səbəbini də izah edə bilməyib və yalnız "Probelmlərim var, yaşamaq istəmirəm" deyib.

***

18:42


Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında, Babək prospekti-94 ünvanında yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihara cəhd edən yeniyetmə 1997-ci il təvəllüdlü İsmayıl Raqif oğlu Əhmədovdur. İ. Əhmədov ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Polisdən, həmçinin bildirilib ki, İ. Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdidir.

***

18.09


Bakıda intihara cəhd olunub. Hadisə saat 17.00 radələrində Babək prospekti - 94 ünvanında qeydə alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hələlik şəxsiyyəti məlum olmayan 17 yaşlı oğlan hündür mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Ağır xəsarətlər alan gənc 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

AzNews.az