Tovuzda sərxoş sürücülər qəza törətdi: ölən var

16 Yanvar 2014 09:30 (UTC+04:00)
Tovuz rayonunun Alakol kənd sakinləri Ramin Sadıqov və Bayram Əhmədov toydan evə qayıdarkən qəzaya düşüblər.

AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, onların idarə etdikləri "VAZ 21011" və "VAZ 2107" markalı avtomaşınların toqquşması nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlərlə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan biri - "VAZ 21011" markalı avtomobilin sürücüsü Bayram Əhmədov xəstəxanada dünyasını dəyişib.

Qəza törədən avtomobillərdən birində bir qadın və iki azyaşlı uşaq da olub.

İlkin ehtimala görə, qəza sürücülərin sərxoş olması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.


AzNews.az