Bakıda ailə faciəsi

17 Avqust 2012 08:43 (UTC+04:00)


Bakının Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb, ev əşyalarının bir qismi və həyətdə olan "Mercedes" markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın söndürülüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müxtəlif xəsarətlər almış ev sahibinin həyat yoldaşı, 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu, 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıblar. Yaralılar Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriliblər.

Hadisə nəticəsində ölmüş ev sahibi - 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları - 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az