Şikayətçi nazirlə oteldə görüşdü - Keçmiş deputata 25 manat təqaüd

16 Yanvar 2014 10:02 (UTC+04:00)
1949-cu ildə Bakıda anadan olmuş Mesxeti türkü Səfiyyə Aslanlı pensiya təminatındakı problemlərin həlli üçün AzNews.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edib.

Erməni qəzəbi...


S.Aslanlı uzun illər Sənaye Nazirliyinin Dövlət Sənaye-Ticarət Konsernində işləyib: "1987-ci ildə bacım Semaşko xəstəxanasında yatırdı. Mən də onun yanında qalırdım. Ermənistandan ilk dəfə azərbaycanlıların qovulması həmin zaman başlamışdı.

Xəstəxanaya dəhşətli vəziyyətə salınmış insanlar gətirirdilər. Mən xəstəxanada gördüklərimi daha sonra iş yerində danışdım. İş yoldaşım Roza Babayan bu barədə o zamankı Kirov rayonunun birinci katibi Nersesyana xəbər verdi. Məni millətçilikdə, təxribat yaratmaqda, iş yerində mitinq təşkil etməkdə günahlandırıb işdən çıxartdılar".

Amma bu işdən çıxarılma nə ilk, nə də son olub. Hüquqlarının bərpası üçün S.Aslanlı çox qapılar döyüb. Nə az, nə çox düz 5 dəfə işdən çıxarılıb və bərpa edilib. Ümumilikdə 2,5 il işsiz qalıb.

"İlyas İsmayılovun yolunu kəsdim"


Sonucu dəfə işdən çıxarıldıqdan sonra hüququnun bərpası üçün ona Moskvaya getməyi məsləhət görüblər: "Moskvaya getməzdən əvvəl, 1988-ci ildə respublika prokuroru İlyas İsmayılovla görüşdüm. İşə getdiyi yerdə yolunu kəsib məni qanunsuz olaraq işdən azad etdiklərini dedim. Amma bir nəticə olmadığını görüb, Moskvaya getmək qərarına gəldim".

Boris Yeltsindən telefon zəngi...


S.Aslanlı Moskvada o zaman SSRİ rəhbərliyində təmsil olunan Boris Yeltsin tərəfindən qəbul edilib: "Boris Yeltsin də əvvəl ümumi sözlər danışırdı, məsələyə baxılacağını deyirdi. Çünki arada erməni məsələsi vardı. Amma söhbət əsnasında öyrənəndə ki, oğlum hərbi xidmətdədir, fikri tamamilə dəyişdi.

Konkret olaraq dedi ki, əsgər anası heç bir vəchlə işdən çıxarıla bilməz. Təcili olaraq telefonla Bakı şəhər Prokurorluğu ilə əlaqə yaradıldı. O zamankı şəhər prokuroru telefonda dedi ki, mənim çətin xasiyyətim var. Ancaq prokurora açıq şəkildə bildirildi ki, insanı küncə sıxışdıranda bütün xasiyyətləri üzə çıxar, ona görə də insanlarla normal rəftar etmək lazımdır.

Bundan sonra oğlumun harda hərbi xidmətdə olduğunu yoxladılar və mən Bakıya qayıdan kimi işə bərpa etdilər. İşləmədiyim 25 ilin əmək haqqı da mənə ödənildi".

Keçmiş deputata 25 manat pensiya Hələ 20 yaşında ikən indiki Yasamal rayonunun yerli sovetinə deputat seçilən, 30 il stajı olan S.Aslanlı 1996-cı ildə təqaüdə çıxmaq üçün müraciət edib:



"Həmin il qərar çıxdı ki, 30 il iş stajı olanlar pensiyaya çıxa bilər. Mən də müraciət etdim, növbəti problem də bundan sonra başladı. Bütün sənədlər arxivə təhvil verilsə də, arxivdən əmək haqqı cədvəli tapılmadı. Bəzi sənədlər var idi, amma bu kifayət etmirdi.

Buna görə də həmin il təqaüdə çıxa bilmədim. Təkrarən 2006-ci ildə müraciət etdim, yenə də sənədlərin tapılması ilə bağlı problem yarandı. Konsern ləğv edilmişdi, bütün sənədlər dövlət arxivinə verilmişdi. Mənimlə bərabər işləyənlərin hamısının sənədləri orda idi. Bircə mənim sənədlərim yox idi.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qəbulunda oldum. 30 il iş stajımın olduğunu, pensiya təminatındakı problemimi anlatdım. Mənə məhkəməyə müraciət etməyi məsləhət gördü. Nəhayət, 2006-cı ildə 30 ilin işçisi, keçmiş deputata cəmi 25 manat pensiya kəsildi".

"Nazir məni Bakıya çağırdı"


Ardan keçən illər ərzində pensiyası artaraq hazırda 163 manat olub. Ancaq Səfiyə xanım bununla razılaşmayaraq, təqaüdünün yenidən hesablanmasını istəyir: "30 illik stajla 25 manat təqaüd almaq gülüncdür.

Pensiyamın yenidən hesablanmasını istəyirəm. Bununla bağlı dəfələrlə müraciət etmişəm. Ancaq hələ də heç bir nəticə yoxdur. Bundan başqa 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün pensiyaçılara 170 manat ödənilməlidir.

Sənədlərdə deyilir ki, bu pul təqaüdçülərə ödənilib. Ancaq şəxsən mən bu pulu almamışam. Bilirəm ki, başqa pensiyaçılar da almayıb".

Hazırda Türkiyədə yaşayan S.Aslanlı problemin həlli üçün bir zamanlar fond rəhbəri kimi müraciət etdiyi Səlim Müslümova bu dəfə də nazir kimi üz tutub. S.Müslümovla Ankaradakı "Mariot" otelində görüşsə də, yenə də müsbət nəticə əldə edilməyib:

"Səlim Müslümovun Ankarada olduğunu eşidib otelə getdim. Məni Bakıya dəvət etdi. Dedi ki, gəl Bakıda problemi həll edəcəyəm. Nazirin sözünə arxalanıb Bakıya gəlmişəm. Ancaq bir aydır ki, Səlim Müslümovun qəbuluna düşüb onunla görüşə bilmirəm. Dəfələrlə müraciət etmişəm, ancaq görüş mümkün olmur. Əgər nazir məni qəbul edə bilməyəcəkdisə, o zaman niyə Bakıya çağırırdı?"



Elnarə
AzNews.az