Wikipedianın Azərbaycan bölməsində 97669 məqalə var

16 Yanvar 2014 16:03 (UTC+04:00)
Son 10 ildən Wikipedia ensiklopediyasında Azərbaycan bölməsində qeydiyyatdan keçən istifadəçilərin və əks olunan məqalələrin sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan APA-ya verilən xəbərə görə, Wikipedia ensiklopediyasının Azərbaycan dilində layihəsi (latın və ərəb qrafikasında) 2004-cü ildə az.wikipedia.org domen adı altında fəaliyyətə başlayıb.

Son 10 il ərzində az.wikipedia.org saytında olan məqalələrin sayı durmadan artıb. Belə ki, əgər 2004-cü ildə burada məqalələrin sayı 25, 2013-cü ildə isə 97 669 olub. Wikipedia ensiklopediyasının Azərbaycan bölməsində 67318 qeydiyyatdan keçmiş istifadəçi, 456 aktiv istifadəçi və 16 administrator fəaliyyət göstərir.

Məqalələrin və istifadəçilərinin sayına görə Wikipediada Azərbaycan 50-ci yeri tutub. 67 112 azərbaycanlı istifadəçinin istifadə etdiyi Wikipedia-da 97669 məqalə yerləşdirilib.

Təkcə ötən il burada Azərbaycan dilində yerləşdirilən məqalələrin sayı 98 olub. Türkdilli Wikipedia layihələrində məqalələrin sayına görə Azərbaycan türkdilli ölkələr sırasında 3-cü yeri tutur. Belə ki, Türkiyə 222 098 (35%) məqalə ilə I, Qazaxıstan 203 998 (33%) məqalə ilə II, Azərbaycan isə 97 669 (16%) məqalə ilə III yeri tutur.

Qeyd olunub ki, bütün uğurlu nəticələrə baxmayaraq, Wikipedianın Azərbaycan bölməsində bir sıra problemlər mövcuddur. Belə ki, burada Wikipedia və onun ayrı-ayrı layihələrinin imkanları lazımi səviyyədə qiymətləndirilmir. Təhlillər göstərir ki, Wiki-mühitdə Azərbaycan haqqında məlumatlar yetərincə deyil, bəzi hallarda həqiqətləri əks etdirmir, hətta qərəzlidir.

Digər dillərdə də Azərbaycan reallıqları və milli-mənəvi dəyər daşıyıcıları olan informasiya resursları çox azdır ki, bu boşluqdan istifadə edərək ölkəyə qarşı dezinformasiyalar yayılır, informasiya müharibəsi aparılır.

Qeyd edək ki, Wikipedia internet mühitdə fəaliyyət göstərən 861 milyon sayt arasında yüksək reytinqinə malik olan 5 sayt sırasında yer tutur. Hazırda Wikipedia ensiklopediyasında 30,5 milyon məqalə, 19,9 milyon foto, audio və video materiallar var.

Ay ərzində Wikipedia saytına orta hesabla 4 milyard müraciət olunur. Wikipedia istifadəçilərin sayı 44 milyondan çoxdur. Bütün dillər üzrə 30 537 217 məqalənin Wiki-mühitdən 44 321 469 istifadəçi faydalanır.

AzNews.az