1000 uşaq virusa yoluxub

16 Yanvar 2014 16:31 (UTC+04:00)
Yaponiyanın Hamamatsu şəhərində uşaqların kütləvi şəkildə xəstələnməsinə səbəb mədə-bağırsaq virusu olub, 14 məktəbdən 905 uşaq və 41 müəllim bu gün dərslərə gələ bilməyib. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı Yaponiya KİV-ə istinadən xəbər verir.

Xəstələnənlərin hamısında bir neçə gün ərzində hərarət, qusma və ishal yaradan norovirus aşkar edilib. 14 məktəbdən 12-də şənbə gününə qədər karantin elan edilib.

Maraqlıdır ki, məktəblərin hər birində nahar ayrıca hazırlanır, inqredientlərin üst-üstə düşməsi aşkar edilməyib. Məktəblərin sinif otaqları, dəhlizləri və tualetlərində irimiqyaslı dezinfeksiya aparılır.

Bir qayda olaraq, norovirus Yaponiyada qışda yayılır. Ondan qorunmağın yeganə vasitəsi gigiyena qaydalarına ciddi riayət etmək, hər şeydən əvvəl isə yeməkdən qabaq əlləri təmiz yumaqdır. Virus yüksək yayılma dərəcəsinə malikdir, ona görə də tez-tez ailələrdə xəstələnənlərə qulluq edənlər bu virusa yoluxurlar.

AzNews.az