Vüqar Həşimovun xatirəsinə həsr edilən Çempionat

17 Yanvar 2014 16:28 (UTC+04:00)
Bu gün Mingəçevir şəhərində region gəncləri arasında təşkil olunan 1-ci Şahmat Çempionatına yekun vurulub.


Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan və Azərbaycan şahmatının tanınmış simalarından biri, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Çempionatda 30-a yaxın şəhər və rayonun təmsilçisi iştirak edib. 2 gün davam edən çempionatın bağlanış mərasimində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında məlumat verib.

Təhsillə yanaşı gənclərin intelektual və mədəni səviyyələrini də inkişaf etdirmək üçün dövlət tərəfindən istənilən şərait yaradıldığını diqqətə çatdırıb.

Şahmatın məntiq tələb edən intelektual oyun olduğunu bildirən F.Həsənzadə Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında yer aldığını qeyd edib.

Təşkilat Komitəsi Mingəçevir Gənclər Evində 2 gün davam edən Çempionatın gedişi haqqında məlumat verib. Çempionatda Samir Hümbətov I yeri, Zeynəb İsmayılzadə II yeri, Zamin İsmayılov III yeri qazanıb. Sonda qalib gənclər Mərkəzin tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunub.

Elnur
AzNews.az