Tərtərdə və Cəlilabadda yol qəzaları - 4 yaralı

19 Yanvar 2014 18:28 (UTC+04:00)
Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib.

Şahidlərin sözlərinə görə, 10 LZ 711 nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını yanacaqdoldurma məntəqəsinə dönərkən qarşıdan gələn 10 TG 637 nömrə nişanlı avtobusla toqquşub.

Tamamilə yararsız vəziyyətə düşən "VAZ-2107"-nin sürücüsü Mobil Dadaşov ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

MRX-nın həkimi Nazim Səfərovun sözlərinə görə, vəziyyəti orta ağırdır.

Avtobusun sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

****


Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 19-da günorta saatlarında Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayonun Uzuntəpə kənd sakini Famil Əlifağa oğlu Ağayev idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdən gələn, həmyerlisi Zəkəriyyə Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra "VAZ-2107" digər Cəlilabad rayon sakini Vüsal Nağıyevin idarə etdiyi eyni markalı avtomobilə çırpılıb. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib, eləcə də sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.



AzNews.az