Ayaz Mütəllibov nəvəsinə toy edib

21 Yanvar 2014 10:23 (UTC+04:00)
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bir neçə gün əvvəl nəvəsinə toy edib.

Bu barədə Modern.az saytına ASDP sədri Araz Əlizadə eks-prezidentin fəaliyyəti ilə bağlı sualımıza cavab verərərkən bildirib. Onun sözlərinə görə, A.Mütəllibovun nəvəsinin toyu bu günlərdə Bakıdadkı şadlıq evlərinin birində keçirilib. A.Əlizadə eks-prezidentin hansı nəvəsinin toyu və kiminlə qohum olması barədə ətraflı danışmaq istəməyib.

ASDP sədri həmçinin vurğulayıb ki, eks-prezident özünün memuarları əks olunacaq kitab üzərində işlərini davam etdirir.

Eks-prezidentin 2 övladı var. Onlardan biri Azad Mütəllibov 2011-ci ildə 50 yaşında xəstəlikdən vəfat edib.

Ayaz Mütəllibov 1990-cı ildə Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Moskvada yaşayıb.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib. Mütəllibov 2012-ci il iyulun 7-də həmişəlik Bakıya qayıdıb.

AzNews.az