Qaxda dərəyə yıxılan qocanın meyiti çıxarıldı

21 Yanvar 2014 11:17 (UTC+04:00)
Bir neçə gün əvvəl Qax rayonu ərazisində yüksək dağ zirvəsindən dərəyə yıxılaraq ölən rayonun Ağçay kənd sakini 62 yaşlı Bədrəddin Babayevin meyiti yıxıldığı yerdən çıxarılıb.

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, yüksək dağlıq ərazi, qatı duman, çiskinli hava axtarış işlərinə çətinlik yaratsa da, bu gün gecə saat 4:00 radələrində Ağçay kəndinin yola bələd olan 5-6 nəfər orta yaşlı sakinindən ibarət qrup həmin əraziyə yollanıb. Artıq həmin şəxslər meyiti ərazidən çıxarıblar.

Qeyd edək ki, yanvarın 19-u səhər saatlarından başlanan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri də cəlb edilmişdi.

Xatırladaq ki, ixtisasca baytar olan 62 yaşlı Bədrəddin Babayev ov etmək məqsədi ilə rayonun Sarıbaş və Ağçay kəndlərinin kəsişdiyi "Qaradağ" adlanan hündür zirvəyə gedib. Müvazinətini itirən Bədrəddin Babayev sıldırım qayalıqdan dərəyə yıxılıb.

AzNews.az