Azərbaycanda “ulduz“lu mehmanxanaların sayı açıqlandı

21 Yanvar 2014 12:09 (UTC+04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dövlət təsnifatından keçərək "ulduz" almış mehmanxanaların sayını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, hazırda yalnız 48 mehmanxana və mehmanxana tipli obyekt dövlət təsnifatından keçməklə "ulduz" kateqoriyası ilə fəaliyyət göstərir. Həmin mehmanxanaların 19-u "beş", 22-si "dörd", 5-i "üç", 2-si "iki" ulduzludur.

"Beşulduzlu" hotellərin 15-i, "dördulduzlu" hotellərin 12-si, "üçulduzlu" hotellərin 4-ü Bakıdadır. "İkiulduzlu" hotellər isə rayonlarda yerləşir.
Nazirlikdən deyilib ki, mehmanaxanalara verilən "ulduz" kateqoriyası 3 il ərzində qüvvədə olur.

Azərbaycanda dövlət təsnifatından keçmiş hotellərin əksəriyyətinin ulduzlarının qüvvədə olma müddəti ötən ilin dekabr və bu ilin yanvar ayında bitib. Həmin hotellər 2010-cu ilin dekabrında və 2011-ci ilin yanvar ayında dövlət təsnifatından keçiblər. Hazırda nazirlik həmin hotellərə yenidən "ulduz" kateqoriyasının verilməsi üçün edilən müraciətləri araşdırır.

Qeyd edək ki, 2013-cü ilin yanvar-iyun aylarının məlumatlarına əsasən, Azərbaycanda 516 mehmanxana və mehmanxana tipli obyekt var.

AzNews.az