Anar İsgəndərli: “Yunanların türklərə nifrəti ermənilərdən daha çox olub”

17 Avqust 2012 12:50 (UTC+04:00)


armtoday.info saytının verdiyi xəbərə görə, Ermənistan parlamenti Osmanlı dönəmində Qara dəniz sahillərində yaşayan yunanların "soyqırm" məsələsini müzakirəyə çıxarır. Müzakirələrdə əsas məqsəd hazırlanmış qanun layihəsini qəbuluna nail olmaqdır. Sözügedən qanun layihəsinin parlamentdə təmsil olunan "İrs" fraksiyası tərəfindən hazırlandığı bildirilir. Ermənistan parlamentinin müxalifət deputatları qanun layihəsində Pontian yunanların öldürülməsini insanlıq əleyhinə törədilmiş cinayət kimi vurğulansını təklif edirlər.

Erməni parlamentarilər qanunun qəbul olunmasının vacibliyini önə çəkərək, qanun layihəsinin Osmanlı dönəmində törədilən soyqırımlara diqqəti artıracağını bildiriblər. Ermənilər iddia edirlər ki, Osmanlı dönəmində 2.7 milyon yunan yaşayıb və onlardan 700 mini 1912-1923-cü illərdə öldürülüb.

AzNews.az Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmlər doktoru, professor Anar İsgəndərli ilə müsahibəsində "soyqırım" siyasətinin ortaya çıxma səbəblərinə aydınlıq gətirməyə çalışıb.

-Anar müəllim, ermənilər indi də "yunan soyqırım" məsələsini gündəmə gətirir...

- Əslində ermənilərdən daha çox yunanların türklərə, Anadoluya nifrəti olub. XIX əsrə qədər türkə nifrət, türkü görməmək, türkü tanımamaq, bütün dünyada türkü gözdən, hörmətdən salmaq missiyasını yunanlar yerinə yetirib. "Ermən soyqırımı" və ermənilərin türklərə qarşı iddiaları XIX əsrin sonlarından başlanıb. Amma yunanların türklərə iddiaları 1453-cü ildə Konstantinopolun fəthi, Osmanlı imperiyasının yaranması ilə başlayıb. Yəni bu məqamlar hadisələrin kulminasıyasıdır. Erməni iddiaları isə 1890-cı illərdə Daşnaksütyun Partıyasının yaranması və ondan sonra "Böyük Ermənistan" həvəsinə düşmələri ilə ortaya çıxdı. XIX əsrə qədər isə hər bir erməni üçün ən müqəddəs adam türk, ən böyük dövlət Osmanlı İmperiyası, ən böyük xeyirxahlıq Osmanlıların ermənilərə göstərdiyi münasibət idi. Çünki osmanlı millətlər içərisində erməniləri seçib, ona etibarlı millət adı verdi. Türkə, türk millətinə münasibətdə yunan və erməninin mövqeyi eyni olub. Heç kim deyə bilməz ki, bunlardan hansısa biri daha dəhşətlidir. Bunların hər ikisi eyni dərəcədə türkə nifrət ediblər və hər ikisi üçün də bütün XX əsr mübarizəsində bir düşmən olub: Türkiyə Cümhuriyyəti. Eyni zamanda da Türkiyə Cümhuriyyətinə yaxın olan cümhuriyyətlər. Onlardan biri də Azərbaycan Cümhuriyyəti, onun xalqı olub.

-Axı Yunanıstan Osmanlının tabeçiliyindən müstəqil ölkə kimi çıxdı...

- Sadəcə olaraq XX əsr və XXI əsrin əvvəlində bizim mübarizəmiz ermənilərlə bağlı olduğuna və yalançı erməni soyqırımı ortalığa çıxdığına görə, mətbuat bundan yazır. Dünyada siyasətində bu məsələ daha çox gündəmə gətirilir. Əslində isə heç bir zaman Türkiyə Cümhuriyyətini qəbul etməyəcək ölkə Yunanıstandır. Yunanıstan 1830-cu ildə öz müstəqilliyini əldə edib. 1830-cu ilə qədər Yunanıstan Osmanlı ərazisi hesab edilən, onun qanunları ilə idarə olunan bir ərazi idi. 1828-29-cu il Rusiya-Türkiyə müharibəsində Osmanlılar növbəti dəfə məğlub oldu. İmzalanan Ədirnə sülhündən bir il sonra 1830-cu ildə yunanlar üsyan etdilər. Bütün Avropa və Rusiya onları müdafiə etdilər. Nəticədə yunanlar müstəqillik əldə etdilər, lakin müstəqillik əldə edəndən sonra da bu günə kimi də yunan üçün əsas düşmən türk millətidir. Heç olmasa ermənilər Türkiyənin müəyyən ərazisinə iddia edir. Yunanlar isə ümumiyyətlə, türkləri bu ərazinin sahibi hesab etmirlər.

- Yunanlar və ermənilərin belə bir mövqedə dayanmasında qərb cəmiyyətinin rolu nə qədərdir?

- Bir tərəfdən qərb cəmiyyətinin Türkiyə Cümhuriyyətini qısqanması və qərbin hər bir dövlətinin maraqlarını təmin edən yalançı erməni, yalançı yunan soyqırımıdır. Bu qərb cəmiyyətini təmin edir. Çünki qərb cəmiyyəti heç bir zaman Türkiyəni sevməmişdi.

- Osmanlı İmperiyasının tabeçiliyində olmaq həmin dövlətə qarşı soyqırıma məruz qalmaya əsas verir?

-Xeyir. Çoxlu imperiyalar ola və onlarda üsyanlar, müharibələr ola bilər. Müharibələrdə milyonlarla insan ölür və bu soyqırım da adlanmır. Bu müharibənin qanunlarıdır. Soyqırım isə əvvəlcədən düşünülmüş, planlı şəkildə bir millət məhv edilir. Bu yüz nəfər də, əlli nəfər də ola bilər. Bu soyqırımdır. Afina dünyada yeganə şəhərdir ki, orada məscid yoxdur. Türkiyə təklif edir ki, Afinada bir məscid tiksinlər. Buna ehtiyac da var. Yunanlar isə bunun müqabilində iddia edirlər ki, Aya Sofiya əvvəlki statusuna qayıtmalıdır. Az qala Aya Sofiya xristianlara verilməlidir. Bu azmış kimi yunanlar o dərəcədə böyük iddiadadırlar ki, ermənilərinki bunun yanında çox kiçik görünür. Tarix boyu yunanlar türkü özünə düşmən sayıb və həmişə ondan qisas almağa çalışıb. Bu gün isə Yunanıstanın gücsüz olması və Türkiyə ilə qonşu olması, Türkiyənin iqtisadi baxımdan Yunanıstanı kölgədə qoyduğuna görə, bir qədər səssiz qalıblar. Ancaq yunan heç bir zaman türkə dost olmayıb və ola da bilməz. Kipr məsələsindəki mövqeyi də dünyada yunanlar qədər türkə nifrət edən ikinci bir millətin olmadığı ortaya çıxır.

Gültən
AzNews.az