Saytlarla bağlı ANS-ə müraciət edildi

21 Yanvar 2014 13:39 (UTC+04:00)
"Yeni Media Jurnalistləri" İctimai Birliyi ANS telekompaniyasını internet saytları məhkəməyə verməklə bağlı qərarına yenidən baxmağa çağırıb.


Bu barədə AzNews.az-a təşkilatın sədri Xaqani Səfəroğlu bildirib. Təşkilat hesab edir ki, ölkədə onlayn KİV-lərin təşəkkülü media müstəvisində böyük canlanma yaradıb:

"İnternet KİV-lərin informasiya yayımında əhəmiyyətli mövqeyə çıxması cəmiyyətin xəbər təminatında yeni imkanlar yaradıb. Odur ki, bu müstəvidə bəzi peşəkarlıq problemlərinin yaranacağı da istisna olunmur.

Digər tərəfdən, "internet dalğa" yeni media sahəsində bir sıra hüquqi boşluqları da üzə çıxarıb. Belə ki, "KİV haqqında" Qanuna görə internet saytların istehsal etdikləri xəbərlər "KİV məhsulu" hesab edilmir.

Eyni zamanda onlayn mediada aqreqator saytlar, internet qəzetlər və sosial media anlayışı tam ayırd edilmədiyindən belə bir qərar onlayn KİV-lərə, yeni mediaya qarşı müxtəlif iddiaların qaldırılması üçün əsas verə bilər. YMJ onlayn media ilə bağlı qanunvericilikdə boşluqların aradan qaldırılmasını vacib sayır və problemi qarşılıqlı razılıq əsasında çözülməsini təklif edir".

Elnur
AzNews.az