Dustaqlarda mobil telefonlar aşkarlandı

21 Yanvar 2014 17:46 (UTC+04:00)
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin kamerasından mobil telefon aşkar olunub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Zaur Adil oğlu Abdullayevin kamerasına baxış keçirilərkən çarpayısının üstündəki balışın altında gizlədilmiş 1 ədəd "Kenxida" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 179.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək məhkum olunmuş və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan Vasif Vaqif oğlu Məmmədovun kamerasına baxış keçirilərkən, sanitar qovşağında işıqlandırıcı cihazın içində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunub.

Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Şahin Abbas oğlu Qasımovun çarpayısının altında xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilib.

Hər üç fakt üzrə araşdırma aparılır.



AzNews.az