Nümayəndə heyətimiz Dünya Təhsil Forumunda iştirak edəcək

21 Yanvar 2014 19:25 (UTC+04:00)
Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 19-22 yanvar tarixlərində keçirilən Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyanın London şəhərində səfərdədir.


"Axar.az"ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Təhsil Forumunun işində dünyanın 90-dan artıq ölkəsi nazir və ya nazir müavini səviyyəsində təmsil olunur. Hökumət nümayəndələri ilə yanaşı təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirlər. Təhsil nazirinin müavini Ceyhun Bayramov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək. Görüş zamanı tələbələrin təhsil aldıqları müddətdə üzləşdikləri problemlər və məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələr müzakirə ediləcək.



AzNews.az