Azərbaycanlı iş adamı şirkətlərini həbsxanadan idarə edir

22 Yanvar 2014 08:10 (UTC+04:00)
Türkiyədə rüşvət qalmaqalına görə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab şirkətlərini həbsxanadan idarə edir.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı o, bəzi şirkətlərinin rəhbər vəzifələrinə həbsxanadan təyinat aparıb. R.Zərrab "Royal Mobilya" şirkətinə yeni rəhbərlər təyin edib.

"Royal Holding", "Royal Denizcilik" kimi şirkətlərlə yanaşı "Royal Mobilya" şirkəti də olan R.Zərrab öz imzası ilə şirkətə yeni rəhbər təyin edib. İdarə Heyətinin R.Zərrabın imzası ilə verilən qərarında Barış Yaşar fabrik müdiri, Mehmet Şalik baş mühasib təyin olunub.

Vəkillərin məsələ ilə bağlı verdiyi açıqlamaya görə, R.Zərrab barədə məhkəmə qərarı olmadığından hələ imza səlahiyyətini özündə saxlayır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı çıxarılacağı təqdirdə R.Zərrab səlahiyyətlərindən məhrum edilə bilər.

Qeyd edək ki, R.Zərrabın "ROYAL Holding"də Foulad Kaveh, Royal Denizcilik, Safir Altın, Aln Nafees Exchange, Are Havacılık, Royal Binicilik, Royal Mobilya, Al Salam Ewchange Center kimi şirkətləri var.

Elnarə
AzNews.az