Metro tunelinin tavan örtüyü gücləndirilir

22 Yanvar 2014 10:15 (UTC+04:00)
Bakı Metropolitenin "Elmlər Akademiyası" stansiyasında yeni keçidin tikilməsi ilə əlaqədar platformada bərkidilmə işlərinə başlanılıb.


Metropolitenin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Baki Dövlət Universitetinin qarşısında "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının inşası aparılır. Artıq piyada tunel maili formada qazılaraq stansiyanın platformasının üstünə kimi çatdırılıb.

Hazırda sonuncu mərhələ işləri aparılır ki, bu da platformaya girişin təmin olunması üçündür. Bununla bağlı stansiyada hazırlıq işlərinə başlanılıb.

Məlumatda o da vurğulanıb ki, platformaya giriş-çıxışın təmin olunması ağır proses olduğundan mərhələ-mərhələ aparılacaq. Hazırda metronun "Həzi Aslanov" – "Dərnəgül" stansiyaları istiqamətində də tavanın sökülməsi gücləndirmə məqəsədi üçün aparılır.

Bütün bu işlərə baxmayaraq, stansiya hər gün öz qrafiki üzrə sərnişinlərin giriş-çıxışını təmin edəcək.

Qeyd edək ki, metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının inşası aparılır. 4 istiqamətə yönələcək çıxış həm də ərazidə keçid rolunu oynayacaq və beləcə, ətraf zonada piyadaların təhlükəsizliyi ilə birlikdə, sərnişinlərin rahatlığı da təmin olunacaq. Bəxtiyar Vahabzadə küçəsinə (keçmiş Firudin Ağayev küçəsi) 3 istiqamətdə çıxış olacaq.

Biri, Bakı Dövlət Universitetinin arxasında olmaqla Mətbuat prospektindən istifadə edən sərnişinlərin metroya yolunu asanlaşdıracaq. Bu küçədə birinci keçidə paralel daha 2 keçid yerləşəcək.

Stansyiaya giriş-çıxış, habelə keçid kimi istismar olunmasının funksionallığı baxımından çox vacib addımdır.

Nəhayət, cari planda çıxışlardan daha biri Bakı Dövlət Universitetinin əsas giriş qapısı ilə üzbəüz yerləşən Zahid Xəlilov küçəsinə – Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun yaxınlığına düşür. Hazırda bu keçidin tikintisi ilə əlaqədar işlər aparılır.

Amid Əyyuboğlu
AzNews.az