Deputat: “Leyla Yunus casusluqla məşğul olub” - QALMAQAL

22 Yanvar 2014 10:24 (UTC+04:00)
"Milli Şura "Azərbaycan bu gün" adlı forum keçirməkdənsə, özünün və təmsil olunduğu müxalifətin biabırçı vəziyyətinin səbəblərini araşdıran tədbir təşkil etsə, daha yaxşı olar".


Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızı deyib.

M. İbrahimqızı adıçəkilən tədbirin əsas təşkilatçılarından birinin Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus olduğunu və onun bu mövzuda toplantı keçirmək səlahiyyətində olmadığını vurğulayıb:

"İndiki müxalifətin hakimiyyəti dövründə Leyla Yunus kimi adamlar casusluq fəaliyyəti ilə məşğul olublar. Bu gün hakimiyyətə qarşı bəzi ittihamlar səsləndirən bir qrup şəxslər də vaxtilə Azərbaycana xəyanətdə ittiham ediliblər. O adamlar tarixdən, siyasətdən silinib gedəcəklər. İndi nə haqla onlar Azərbaycanın bu günü haqqında danışmağa cürət edirlər?"

Deputat bildirib ki, L. Yunus kimi şəxslərin ölkənin durumunun müzakirə ediləcək beynəlxalq tədbir keçirmək haqqı yoxdur:

"Leyla Yunus kimi adamlar xalqımıza yuxarıdan aşağı baxır. Onun tədbirinə qatılacaq xarici qonaqlar da məhz Leyla Yunusun təfəkküründə olan insanlardır".

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə ona yönəlik ittihamları belə cavablandırdı:

"Mən Sovet dövründən insan hüquqlarının qorunması ilə məşğulam, onları müdafiə edirəm. O vaxt da Dövlət Təhlükəsizlik Komitəsi, Mərkəzi Komitə, sovet deputatları məni sovet ölkəsinin xaini, ABŞ kəşfiyyatının casusu adlandırırdılar.

Bu gün də təəssüf ki, Azərbaycanın müstəqil dövlət olmasına baxmayaraq, mənim işimə və mənə münasibət dəyişməyib. Onu da vurğulayım ki, mən elə deputatların fikirlərilə ümumiyyətlə, maraqlanmıram".

Elnur
AzNews.az