Yeni tikilən Gənclər Evi uçur: AzNews.az-ın xəbəri təsdiqləndi- VİDEO

22 Yanvar 2014 13:29 (UTC+04:00)





Yevlaxın El Televiziyası Mingəçevirdə 9 ay əvvəl istifadəyə verilən Gənclər Evinin bugünkü vəziyyəti ilə bağlı süjet hazırlayıb.

Televiziyanın məlumatına görə, Mingəçevir Şəhər Gənclər Evində gənc rəssamların və qələm adamlarının yaradıcı otaqları olmadığından təmirsiz otaqlarda çalışırlar.

Bəzi otaqlarda istilik sistemləri işləmir. Stend-lövhələrin və digər lazımi əşyaların yararsız halda olması fəal gənclərin işini çətinləşdirir. Binanın çöl fasadına vurulan üzlüklərin bir qismi güclü külək səbəbindən qopub.

Bir çox pəncərələrin şüşələri sınıb. Mingəçevir Şəhər Gənclər Evinin müdiri Kamal Nəcəfli inşaat işlərinin başa çatmadığını bildirib. Səbəb kimi tikinti şirkətinin işini təxirə salmasını göstərib. Kamal Nəcəflinin sözlərinə görə, artıq 12 məşvərət və 8 yaradıcı iş otağı mingəçevirli gənclərin istifadəsinə verilib. Daha 10 otaq bu ilin sonunadək tikiləcək.

Qeyd edək ki, yanvarın 14-də AzNews.az Mingəçevir Gənclər Evinin indiki vəziyyətinə diqqəti çəkmişdi. Məlumatda bildirilirdi ki, ötən il aprelin 16-da ölkə prezidentinin Mingəçevirə səfəri zamanı açılış mərasimi keçirilən Gənclər Evinin binasının ön, sağ və arxa tərəflərindən üzlük daşları qopub.

Bundan zirzəmiyə girişdə də üzlük daşlarının bəziləri qopub tökülüb. İdman zalı kimi nəzərdə tutulan zirzəminin su sistemi isə hələ də qurulmayıb.

Baxmayaraq ki, binanın açılışı zamanı ölkə prezidentinə binanın fəaliyyətə tam hazır olduğu barədə məlumat verilib. El Televiziyasının da süjetindən məlum olur ki, tikinti şirkəti binada işləri yarımçıq saxlayıb.



Elnarə
AzNews.az