“AXCP Müsavatla mübarizəni davam etdirməkdən qorxmur”

22 Yanvar 2014 14:04 (UTC+04:00)
"AXCP mübarizəni davam etdirməkdən qorxmur. Çünki haqlı olduğumuza nə bizim şübhəmiz var, nə də cəmiyyətin".


Bunu AzNews.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli Müsavatla təmsil olunduğu partiya arasında Milli Şura ilə bağlı yaranan gərginlik haqda danışarkən deyib.

N. Məmmədli bildirib ki, Milli Şura ətrafında baş verənlərlə bağlı bütün detallar cəmiyyətə artıq aydın olduğundan AXCP Rəyasət Heyətinin ötən gün keçirilən yığıncağında bu məsələyə dair mübahisələrə qoşulmamaq haqda razılığa gəlinib:

"Razılaşdıq ki, vaxtımızı bu cür əhəmiyyətsiz hesab etdiyimiz məsələyə yönəltməyək. Ona görə də Rəyasət Heyətinin iclasında bu konfliktə son qoyulması haqqında razılıq oldu".

N. Məmmədli AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bununla bağlı cəmiyyətə məlumat verdiyini də söyləyib:

"Bu mövqeyimizə rəğmən "Yeni Müsavat" qəzeti bunu AXCP-nin məğlubiyyəti, qorxub, geri çəkilməsi kimi təqdim edib. Ona görə də həmin quruma xəbərdarlıq edirik. AXCP-nin Müsavat Partiyası və "Yeni Musavat" qəzeti ilə Milli Şura ətrafında baş verənlərə görə, davam edən münaqişəyə son qoymaqla bağlı xeyirxah addımına "Yeni Musavat" qəzeti çox aqressiv və yalan bir tonda reaksiya verib.

Guya, AXCP bu mübarizədə məğlub olduğuna və qorxduğuna görə geri çəkilib. Əslində isə bizim atdığımız addım, artıq cəmiyyətin bu olaylar haqqında hər şeyi bildiyinə və qarşımızda daha aktual vəzifələrimizin olmasıyla əlaqədardır. "Yeni Müsavat" bu cür ritorikanı davam etdirərsə, sərçə ovlamaqda davam edəcəyik".

Bahar Rüstəmli
AzNews.az