Moskvada 2 azərbaycanlı bıçaqlandı

23 Yanvar 2014 08:00 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı taksi sürücüsü bıçaqlanıb.

Anspress-in verdiyi xəbərə görə, uzun illərdən bəri Moskva yaxınlığındakı Zelenoqrad şəhərində taksi sürücülüyü ilə məşğul olan Maksim İbrahimov avtomobilinə minən 4 sərnişinin hücumuna məruz qalıb.

Məlumata görə, ötən gecə İbrahimovun idarə etdiyi taksiyə müştəri kimi minən 4 nəfər sərnişin onu meşə kənarında döyüb bıçaqladıqdan sonra hadisə yerindən qaçıblar. Yaralı sürücü dərhal xəstəxanaya çatdırılıb.

"Bu guya mənə pul çıxarıb verirdi, bir də gördüm daldan başıma nəsə dəydi. Ondan sonra hər tərəfdən töküldülər üstümə. Biri maşının aynasını, biri gapısını vurdu. Sonra gaçıb getdilər. Birdən sərt bir ağrı hiss etdim. Baxdım ki bıçaqla vurublar məni, qan gedir" – deyə sürücü Maksim İbrahimov bildirib.

Bunun, Zelenogradda həmyelilərimizin döyülməsi ilə bağlı ilk hadisə olmadığı bildirilir. Taksi sürücüləri dünən daha bir həmyerlimizin hücuma məruz qaldığını deyirlər.

"Dünən axşam saatlarında iki nəfər bizim bir yoldaşımızın maşınına minib. Onu binanın qarşısına apardıqdan sonra 20 nəfər onun üstünə tökülüşüb döyübler. Bunlara bir son verilməldir. Biz Azərbaycanlı millətik. Gərək başımıza bir çarə tapaq" – deyə başqa bir taksi sürücüsü Tural Əliyev qeyd edib.

Moskvada yaşayan hemyerlilerimizin ticarətdən sonra başlıca gəlir gaynağı olan taksi sürücülüyünün getdikcə təhlükəli hal alması bu peşə ilə məşğul olan hemyerlilərimizi ciddi düşünməyə vadar edir.

Başqa bir taksi sürücüsü Əhməd Abdullayev yerlilərin onlara işləməyə imkan vermədiyini, onları qovduğunu deyir:

"Axır zamanlarda imkan vermirlər bizə işləməyə. Deyirlər çıxın gedin buradan. Bizim yerli vətəndaşlığımız olduğu halda hara getməliyik? Dərdimizi kimə deyək bilmirik. İşləməyə qoymurlar. Bizi döyürlər, bıçaqlayırlar, öldürürlər".

Moskvada son zamanlar bu sahədə cəzaların sərtləşdiriliməsi icazəsiz taksi sürücülərinin xeyli azalmasına da səbəb olub. Taksi sürücüsü kimi fəaliyyət göstərən həmyerlilərimizin əksəriyəti lisenziya alıb. Ancaq bu lisenziya onların Rus irqçilərinin hücumundan gorunacağı anlamına gəlmir.

AzNews.az