Müxalifəti Rəsulzadə amili də bir araya gətirə bilmədi – İntriqa böyüyür

23 Yanvar 2014 10:44 (UTC+04:00)

Keçmiş müttəfiqləri Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə amili də birləşdirə bilmədi.


AzNews.az-ın məlumatına görə, artıq özünü M.Ə.Rəsulzadə yolunun davamçısı hesab edən təşkilatlar onun doğum günü ilə bağlı mərasimdə də bir yerdə ola bilməyəcəklərini də bəyan ediblər. Bununla bağlı Müsavat və Milli Şura Rəsulzadənin məzarını günün fərqli saatlarında ziyarət edəcəkləri barədə qərar qəbul ediblər.

Belə ki, Müsavat Partiyasının Divanının ötən gün keçirilən yığıncağında M.Ə. Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar Novxanı qəsəbəsindəki abidəsinin ziyarət edilməsi 31 yanvar saat 11.00-a təyin edilib.

Buna bənzər qərar Demokratik Qüvvələrin Milli Şurası tərəfindən də verilib. Adıçəkilən qurum isə M.Ə.Rəsulzadənin abidəsini ziyarət etmək üçün yanvarın 31-də saat 12.00-da toplaşacaq.

Milli Şuranın sədri Cəmil Həsənli AzNews.az-a açıqlamasında mərasimin müxtəlif saatlarda keçirilməsini belə izah edib:


"Rəsulzadə o qədər böyük şəxsiyyətdir ki, onun abidəsi daim ziyarət olunmalıdır. Bu şəxs tək Müsavatın, Xalq Cəbhəsi Partiyasının, Milli Şuranın deyil, bütün Azərbaycan xalqının lideridir, öndəridir və qurucu babasıdır. Ona görə də onun abidəsini ziyarət etmək hər Azərbaycan vətəndaşının borcudur".

Adıçəkilən qurumların müxtəlif saatlarda abidənin qarşısında tədbir keçirməsində narahatçılığın olmadığını deyən C. Həsənli əlavə edib ki, bu məsələni qabartmağa ehtiyac görmür:

"Həmin gün Rəsulzadənin abidəsi önündə nə qədər çox tədbir keçirilsə, bir o qədər yaxşı olar. Əlbəttə demokratik qüvvələr abidəni bir yerdə ziyarət etsələr, daha yaxşı olar. Amma indiki şəraitdə əgər, bu mümkün deyilsə, bundan kriminal düzəltməyə də ehtiyac yoxdur".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, üzvü olduğu partiya 1992-ci ildən M.Ə.Rəsulzadənin yad edilməsi ilə bağlı daim müxtəlif formatlı tədbirlər keçirib. Bu tədbirlərdən biri də M.Ə. Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsi önündə keçirilən mərasimdir. Onun sözlərinə görə, bir müddət sonra isə digər siyasi partiyalarda bu prosesə qoşulub:




"Əvvəlcə partiyalar 28 mayda bizim Novxanıdakı abidə qarşısında mitinq keçirmək ənənəmizə qoşuldular. Sonradan isə Rəsulzadə ilə bağlı digər tədbirlərdə iştirak etdilər, bəzən isə bu mərasimləri fərdi qaydada həyata keçirdilər. Bu çox müsbət haldır və hesab edirəm ki, Rəsulzadə təkcə Müsavat Partiyasının yox, bütün Azərbaycana və türk dünyasına aid olan bir şəxsiyyətdir".

A.Hacılı yubiley mərasimi ilə bağlı M.Ə. Rəsulzadənin abidəsi önünüdə keçirilən tədbirdə adıçəkilən təşkilatların bir araya gəlməsi imkanları ilə bağlı sualı da cavablandırıb: "Mən Milli Şuranın yanvarın 31-də saat 12-də Novxanıdakı abidə qarşısında mərasim keçirəcəklərinə dair xəbəri sizdən öyrəndim. Müsavat Partiyası ötən il keçirdiyi tədbiri bu il də keçirəcək. Digər məsələlər barədə isə hələ müzakirə aparılmayıb".

Məhəmməd
AzNews.az