Zakir Həsənov şəhid olan zabitlə bağlı əmr verdi- Yenilənib

23 Yanvar 2014 15:04 (UTC+04:00)
Azərbaycan Ordusunun zabiti şəhid olub.

Hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində ordumuzun kapitanı düşmən gülləsinə tuş gəlib. Hərbçi aldığı güllə yarasından şəhid olub.

Allah rəhmət eləsin!(15:06)

***

Cəbhə bölgəsindən düşmən gülləsindən şəhid olmuş zabitimiz
ölümündən sonra medalla təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.

Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

AzNews.az