“QHT Məktəbi”də yaz təlimləri başlayacaq

23 Yanvar 2014 14:28 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan "QHT Məktəbi" növbəti yaz təlimlərinə iştirakçıların qəbuluna başlayır.

Keçmiş SSRİ ölkələri arasında ilk dəfə 2002-ci ildə Azərbaycanda yaranan bu məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadr hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1200-ə yaxın məzunu olmuş məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcək. İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Elnur
AzNews.az