Orta məktəbi bitirənlərin 99,6 faizi attestat alıb

23 Yanvar 2014 16:42 (UTC+04:00)
Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 969-u ali, orta ixtisas və orta təhsilə malikdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, 2013/2014-cü tədris ilinin əvvəlinə ölkənin 4477 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisəsində 1,3 milyon şagird təhsil alıb.

Son illər ikinci və üçüncü növbələrdə məşğul olan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, şəhər yerlərində yerləşən ümumi təhsil müəssisələrində bu göstərici 18,2 faizdən 17 faizə, kənd yerlərində isə 14,2 faizdən 12,6 faizə düşüb.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 620 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 78 min nəfər şagird təhsil alır.

2013-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 88,4 min nəfər məzundan 88,1 min nəfəri və ya 99,6 faizi tam orta təhsil haqqında attestat alıb.

2014-cü ilin yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1637 dövlət və 40 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 112 min uşaq və ya 1-5 yaşlı uşaqların 15 faizi tərbiyə alır.

AzNews.az