Xalq artisti Binəqədidəki etiraz aksiyasına qoşuldu - FOTOLAR

24 Yanvar 2014 12:03 (UTC+04:00)
Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani 3068 ünvanında, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin binasının sakinləri etiraz aksiyası keçirib.

Aksiyada kompleksin bütün sakinləri iştirak edib.

Sakinlərin AzNews.az-a verdiyi məlumata görə, 2008-ci ildən öz mənzillərində dözülməz vəziyyətdə yaşayırlar.

"Olimp" MTK tikdiyi binaların təbii qazla təminatını həyata keçirməyib. Sakinlərin dəfələrlə şikayət etməsinə baxmayaraq problem hələ də həll edilməyib:

"Sayğacların pulunu bizdən alıblar, qaz xəttini çəkiblər, ancaq qazı öz obyektlərinə verirlər.

Binamızın 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahələrdir. Onların bir çoxunu MTK rəhbəri öz dost-tanışların adına sənədləşdirib. Təhlükəsizliyimizi nəzərə almadan MTK rəhbəri bu obyektlərə qaz çəkdirib. Şikayətlərimizə və dövlət qanunlarına baxmayaraq o biri qeyri-qanuni yolla tikilən obyektlərə qaz çəkilişi davam edir".

Kompleksin sakinlərinin sözlərinə görə, bundan əlavə həyətlərdə tikilən obyektlər və tennis kortunun yerində uşaqlar üçün meydança nəzərdə tutulsa da, sözügedən ərazidə qeyri-qanuni tikintilər davam edir: "Həyətdə boş sahə qalmayıb.

Nə dincəlməyə yer qalıb, nə də uşaqlar üçün oynamağa. Bütün kompleksin həyəti layihəyə uyğun deyil. MTK sahibi bizi aldadır və bizdən yığdığı pullara saxta sənəd düzəldir".

Kompleksdə uzun illər bu problemlərlə yaşayan Xalq artisti Qəndab Quliyevanın sözlərinə görə, yanğın və yaxud digər bədbəxt hadisə baş verəcəyi təqdirdə sakinlərə heç kəs kömək edə bilməyəcək.



"FHN-nin əməkdaşları yanğınsöndürən maşınlarını istəsələr də, həyətə sala bilməyəcəklər, çünki MTK rəhbərliyinin fikrincə onun obyektləri ona insanların təhlükəsizliyindən daha vacibdir".

Qeyd edək ki, kompleksdə 400-dən çox mənzil var. Sakinlər etiraz aksiyasını yanvarın 25-də davam etdirəcək.

Amid
AzNews.az