“ATƏT bizi müharibəyə sürükləyir” - Deputatdan hücum çağırışı

24 Yanvar 2014 12:49 (UTC+04:00)
"Ərazilərimizin işğaldan azad etmək üçün əməli fəaliyyətə keçməyin vaxtı çatıb".

Bunu AzNews.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin həmtəsisçisi, deputat Elman Məmmədov bildirib. E. Məmmədov deyib ki, Azərbaycanın əbədi olaraq təmas xəttində gözləmə mövqeyində dayanmaq fikri yoxdur: "Torpaqlarımız havadarlarının köməkliyi ilə Ermənistan tərəfindən işğal olunub. Lakin Azərbaycanı müəyyən təxribatlara çəkmək istəyən qüvvələr də var. Azərbaycan ordusu bütün o təxribatların qarşısını alır. Artıq təkcə təxribatların qarşısını almaq yox, eyni zamanda düşmənə həll edici zərbə vurub, onu birdəfəlik susdurmağın vaxtı çatıb".

Aparılan danışıqların nəticəsiz qaldığını deyən E. Məmmədov qeyd edib ki, Ermənistan tutduğu mövqeyi ilə Azərbaycanı müharibəyə sürükləyir: "Buna bizi yalnız Ermənistan deyil, eyni zamanda ATƏT Minsk qrupu həmsədr ölkələri də vadar edir. Çünki hazırda ATƏT problemin həlli ilə deyil, münaqişənin ləngidilməsi ilə məşğuldur. Onlar öz maraqları çərçivəsində bu problemin uzun müddət davam etməsini istəyirlər".

Deputat bildirib ki, qeyd etdiyi qurum və ona üzv ölkələr Azərbaycanın iradəsinin tükənəcəyi günü gözləyirlər: "Düşünürlər ki, Azərbaycan bu vəziyyətlə razılaşacaq və münaqişə ermənilərin xeyrinə həll ediləcək. Ancaq yanılırlar. Hərbi əməliyyatlar başlayarsa, Azərbaycan Ordusu qısa zamanda öz sözün deyəcək və ərazilərimiz işğaldan azad ediləcək".

Amid
AzNews.az