Komitə üzvü: “Azərbaycan döyüşə başlamalıdır”

24 Yanvar 2014 15:32 (UTC+04:00)
"Bütün cəbhə boyu vəziyyətin gərginləşdirilməsi Ermənistanın siyasi rəhbərliyinin qərarıdır. Heç bir halda bunu atəşkəsin təsadüfi pozulması kimi dəyərləndirmək olmaz".


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib.

Z. Oruc deyib ki, baş verənləri erməni komandirlərinin Serj Sarkisyana tabe olmaması, güya hansısa siyasi qüvvələrin tapşırıqlarını yerinə yetirməsi kimi qiymətləndirmək bizi həqiqi hədəflərdən yayındıra bilər.
Deputat işğal altında olan ərazilərin azad olunması üçün Azərbaycanın hərbi əməliyyatlara başlanması imkanları haqqında da danışıb:

"Azərbaycanın uğurları, o cümlədən neft siyasəti Ermənistanı qıcıqlandırır. ATƏT-in monitorinq qrupuna da atəş açılırsa, deməli burada məqsəd var. Azərbaycan Ermənistanın bu məkrli planını məhv etmək üçün öz siyasətini davam etdirməlidir".

O, Azərbaycanın hərbi imkanlarının çox olduğunu da söyləyib:

"Azərbaycan hərbi əməliyyatları başlamaqdan çəkinməməlidir. Biz hər atılan gülləyə üçü ilə cavab verməliyik. Bu Ermənistan cəmiyyətində Sarkisyan əleyhidarlarını hərəkətə gətirə bilər. Dağlıq Qarabağda elə qüvvə yoxdur ki, Azərbaycanla döyüşə tab gətirə bilsin. Ona görə də Azərbaycan cəbhənin müxtəlif ərazilərindən döyüşə başlamalı və bundan çəkinməməlidir".

Komitə üzvü cəbhədə vəziyyətin gərginləşməsində Rusiya amili olması fikirinə də münasibət bildirib: "Rusiya Soçi Olimpiyadası öncəsi əlavə gərginlik ocaqlarının olmasını istəmir. Qarabağ onların nəzarətində olsa da son gərginlik və atəşkəsin pozulması hallarının rəsmi Moskvadan idarə olunduğunu iddia etmək yanlış olardı".


Amid
Aznews.az