“Vəhhabilərə ciddi nəzarət olunmalıdır” – Müsahibə

26 Yanvar 2014 08:30 (UTC+04:00)

İçərişəhər Cümə məscidi dini icmasının və eyni adlı məscidin axundu Hacı Surxay Məmmədlinin AzNews.az-a müsahibəsi:


- Hacı, vəhhabi təriqəti tərəfdarları tərəfindən çoxlu sayda Azərbaycan vətəndaşı Suriyada cihad adı altında döyüşə gedir. Bununla bağlı nə deyə bilərsiniz?


-Bu gün Azərbaycanın 20 faizdən çox işğal olunmuş əraziləri var. Erməni qəsbkarları tərəfindən bir milyondan artıq soydaşımız öz evlərindən, ocaqlarından didərgin salınıb.

Bu gün buna məhəl qoymayaraq, özlərini "sələfi", "təkvirçi" adlandıraraq cihad adı altında Azərbaycan gəncləri Suriyaya döyüşə gedir.

Ümumiyyətlə, torpaqları düşmənlər tərəfindən işğal olunan vətəndaşların öz torpağını qoyaraq, başqa torpaqlara xidmət etmək haqqı yoxdur. Bu bütün əxlaqi qanunlarımızda və hədislərimizdə də var.

Cihad təkcə vuruşmaq, müharibə aparmaq mənası vermir. Danışıqda cihad var, cihad sözü münasibətlərin tənzimlənməsi kimi də qeyd oluna bilər.

Hesab edirəm ki, bəzi dini cərəyanlar bu cür cihad etməklə bizim gənc vətəndaşlarımıza, islama qarşı təcavüz edirlər. Baxın görün ki, orada kim kimə qarşı vuruşur? Orada düşmən kimdir? Əsəd rejiminə qarşı vuruşan tərəf bunlardır ki, özlərini təkbirçi kimi adlandırırlar.

Azərbaycandan bir dəstə başı pozğun cavanlar bu günləri Suriyada vuruşurlar. Müsəlmanın müsəlmana qarşı hücumu, silah çəkməsi yolverilməzdir. Harada müharibə varsa, orda qanlar və ailə dağıntısı var. Bu yolverilməzdir. Azərbaycanda vəhhabi təriqətindən olan insanlara ciddi nəzarət olunmalıdır.

- Sizcə bu məsələlərin qarşısı necə alınmalıdır? Hesab etmirsinizmi ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin də görməli olduğu işlər var?


- Bu işlərə müvafiq qurumlar ciddi nəzarət etməlidir. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) elə bir şöbəsi yoxdur. Amma Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi bilavasitə dövlətlə sıx əlaqədədir.

Hesab edirəm ki, Komitə bu məsələdə çox ciddi aktiv addım atmalıdır.

"Qurani-Kərim"in bizə verdiyi tövsiyə Ali İmran surəsinin 103-cü ayəsində qeyd olunur ki, Allahın qırılmaz ipindən yapışıb səpələnməyin.

Maraqlıdır ki, bir ayədə Allahın iki əmri var. Birləşin və ayrılmayın, birləşin dağılmayın. Kimlərsə bu vəhdəti pozursa və buna maneə olursa, əslində bu din deyil, o xarici ölkənin kəşfiyyatıdır. Onlar gəlib Azərbaycanda dini stabilliyi pozmaq istəyirlər.

Bu gün vəhhabilərin və yaxud digər məzhəb və cərəyanların bir araya gəlməməsi, ayrı-seçkilik salması təriqət zəminində bu stabilliyi pozmaq əsasların ortaya qoyurlarsa, bu, yolverilməzdir. Bu əslində Azərbaycançılığa, millətə, insanlığa zərbə vuran amillərdən biridir.

Onlar zaman-zaman bu məsələləri ortalığa qoyublar və ölkədə stabilliyi pozmaq haqda fikirləşiblər. Bu gün ölkəmiz tolerantlıq baxımından dünyaya nümunədir. Amma bu insanların tolerantlığı pozmaq, dini dözümlülükdə onların aktivləşməsi, çoxalması yolverilməz haldır.

- Ölkədə dini vəziyyətin stabil olması deyilsə də, son dövrlərdə vəziyyətin kifayət qədər gərginləşməsi hiss olunur. Bununla bağlı nə deyə bilərsiz?


- Hər kəsin öz subyektiv fikri var. Bu da mənim öz subyektiv fikrimdir. Son 5 ildə ölkədə dini durumun çox yüksək səviyyədə inkişafını görürəm.

Azərbaycan gənclərinin islama baxışı yüksək səviyyədədir. Bu gün insanlar Azərbaycanda dini dözümlülük, tolerantlıq məktəbindən dərs alırlar. Ölkə əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda bütün dinlərə münasibət eynilik təşkil edir.

Amid Əyyuboğlu
AzNews.az