Milli Məclisdən narazı jurnalistlərə çağırış

25 Yanvar 2014 12:40 (UTC+04:00)
Milli Məclisə təhlükəsizlik tədbirləri baxımından android və smartfon tipli telefonlara, eləcə də noutbukla daxil olmağa məhdudiyyət qoyulub. Bu qadağanın parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərə də şamil edilməsi media nümayəndələri arasında narazılıq yaradıb.

Modern.az saytı xəbər verir ki, bu gün Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı jurnalistlərin qaldırdığı məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə görüşüb və məsələ ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdən sonra ortaq nəticəyə gəlinib və jurnalistlər üçün xəbərin ötürülməsinə şərait yaradılacağı bildirilib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, artıq məsələ rəhbərliklə razılaşdırılıb. Onun sözlərinə görə, jurnalistlərə Milli Məclisin fəaliyyətini işıqlandırmaq və informasiyanın operativ ötürülməsinə hər cür şərait yaradılacaq:

"Milli Məclis həm jurnalistlər, həm də cəmiyyət üçün açıq bir qurumdur. Media nümayəndələri ilə çox yaxşı əməkdaşlığımız var. Təbii ki, bundan sonra da bu əməkdaşlığımız daha yüksək səviyyədə davam edəcək. Jurnalistlərin Milli Məclisdə fəaliyyəti üçün rəhbərlik səviyyəsində həmişə yüksək şərait yaradılıb və bundan sonra da davam edəcək. Parlamentin mətbuat xidmətinin jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması ilə bağlı heç bir təşəbbüsü rəhbərlik tərəfindən diqqətdən kənarda qalmayıb. Elə buna görə də bu gün jurnalistlərin iş şəraitinin yaxşılaşdırılması, informasiyanın operativ ötürülməsi üçün şərait yaradılmasına köməklik edilməsi məqsədilə rəhbərliyə müraciət edilib. Yəni, artıq bu köməklik diqqət mərkəzindədir".

Jurnalistlər üçün məlumatın ötürülməsinə hər cür şərait yaradılacağını deyən Akif Təvəkküloğlu artıq məsələnin rəhbərliklə razılaşdırıldığını da bildirib:

"Jurnalistlər üçün ayrılan otaqlarda kompüterlərin sayını bir neçə dəfə artıracayıq. Məlumatların ötürülməsində heç bir problem olmayacaq".

AzNews.az