Özünü yandıran əlilin bacısı danışdı- Yenilənib

27 Yanvar 2014 11:53 (UTC+04:00)
Yevlax rayonunda əlili özünü yandırıb.

Avropa.info xəbər verir ki, bu barədə facebook sosial şəbəkəsində məlumat yayılıb.

Yevlax sakini Nizami Kərimov Sosial Müdafiə Fondunun Yevlax şöbəsinin qarşısında özünü yandırıb.

N.Kərimov hal-hazırda Yevlax şəhər xəstəxanasındadır. Özünü yandıran əlilin vəziyyətinin çox ağır olduğu bildirilir.(12.47)

***

Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır:

"Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Fonduna müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".

AzNews.az