Qarabağda şiddətli döyüşlər- VİDEO

27 Yanvar 2014 16:30 (UTC+04:00)
"Turner Radio Network": "Yanvarın 24-də Ermənistan ordusunun qüvvələri hücuma keçib, ağır silahlar işə düşüb, 39 hərbçi ölüb..."


Bir həftədir Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə dair xəbərlərə bu gün Amerika internet radiosunun yaydığı sensasion xəbər və dramatik videokadrlar əlavə olunub.

Virtualaz.org xəbər verir ki, turnerradionetwork.com (TRN) saytında yanvarın 26-da yer alan xəbərdə bunlar deyilir: "Yanvarın 24-də erməni qoşunlarının təmas xəttində Azərbaycan qoşunlarının mövqelərinə hücumundan sonra tərəflər arasında qəfildən şiddətli toqquşmalar başlayıb. Hücum zamanı 39 hərbçi həlak olub. TRN bu toqquşmanın videokadrlarını əldə edib və hərbi ekspertlərin mövqeyinə görə, baş verənlər müharibənin tezliklə başlayacağını göstərir. Bu müharibədə Türkiyə və ABŞ Azərbaycanı dəstəkləyəcək... Rusiya isə Ermənistanı dətəkləyir və orada hərbi bazası var.

Bu situasiya ona görə təhlükəlidir ki, bir neçə il əvvəl Gürcüstanla Rusiya arasında baş verənləri xatırladır. Əvvəlcə bu toqquşmaya heç kim fikir vermədi, ancaq bir neçə saat sonra vəziyyət az qala Rusiya-NATO müharibəsi səviyyəsinə çatmışdı. Ermənistan 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ-ın Rod-Aylend ştatı böyüklüyündə olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib. Rusiyanın vasitəçiliyi ilə 1994-cü ildə atəşkəs razılaşması imzalanana qədər 30 mindən çox insan həlak olub və 1 milyona yaxın insan qaçqın düşüb.

Yanvarın 24-də baş verən qarşıdurmada təkcə atıcı silahlardan istifadə edilməyib. Atışmada qarşı-qarşıya dayanan qoşunların mövqelərində dağıdıcı minomyot mərmilərinin partlaması müşahidə edilir. Bu qarşıdurma barədə əlavə məlumatlar daxil olduqca yerləşdirəcəyik. Video aşağıda təqdim olunur".

Qeyd edək ki, "Turner Radio Network" vaxtilə Hel Törnerə məxsus olub. O, 2010-cu ildə amerikalı məmurları hədələməkdə ittiham olunmuşdu. Törnerə 2015-ci ilə qədər jurnalistika ilə məşğul olmaq qadağan edilib, həmin vaxtdan radio yeni əllərə keçib. Radionun saytında göstərilir ki, Hel Törnerin onun fəaliyyətinə aidiyyəti yoxdur.

"Biz KİV-lərdə dərc edilməyən faktları təqdim edirik. İctimai rəyin manipulyasiyası və yalançılıq pulla mükafatlandırılır. Biz faktlara və həqiqətlərə söykənməyi qərara aldıq. Bizim üçün oxucuların etimadı çox mühümdür. Ona görə də ancaq doğruluğuna əmin olduğumuz faktları dərc edirik" - deyə radiostansiya barədə məlumatda göstərilir.

Virtualaz.org radionun yanvarın 24-də baş verdiyi deyilən şiddəli döyüşlərə dair yaydığı sensasion videokadrları təqdim edir və bu məsələyə Müdafiə Nazirliyinin rəsmi münasibətini öyrənməyə çalışacaq. Bununla belə Müdafiə Nazirliyi yanvarın 24-nə keçən gecə erməni işğalçı qüvvələrinin təmas xəttinin Xocavənd istiqamətindən Azərbaycan ordusunun mövqelərinə diversiya həmləsi etdiyini, bu həmlənin dəf edildiyini açıqlamışdı. "Turner Radio Network" radiosunun xəbərində həmin döyuşdə həlak olduğu iddia edilən 39 hərbçinin hansı tərəfdən olduğu göstərilmir.



AzNews.az