Manaf Ağayev: “Dedi öləcəm, bir şey qalmayıb”

27 Yanvar 2014 18:17 (UTC+04:00)
"Allah xalqın dilinə heç kimin bəd xəbərini salmasın. "Filankəs xəstədi" deyə-deyə sağlam adamı da öldürərlər. Son dövrlər onu efirə tez-tez çağırardılar. Bilirdilər canı ağrıyır, yenə çağırıdılar. Vaxtında çağırsaydılar, bəlkə də heç ölməzdi Məhəbbət". Bunu bu gün Məhəbbət Kazımovun hüzr yerində sənətkarın dostu Yusif Mustafayev deyib.

"İki gün bundan əvvəl onunla görüşmüşdüm. Yaxşı idi, düzəlmişdi. Elə bil təzədən doğulmuşdu. Alın yazısıdı. Bilmək olmur kim nə vaxt gedəcək. Bütün xəstəlikləri əsəb yaradır. O da çox əsəbiləşərdi. Allah Cabir Novruza rəhmət eləsin. O deyirdi ki, "sağlığında qiymət verin insanlara".

M. Kazımovun yaşadığı binanın qarşısına çoxsaylı sənət yoldaşları, qohumları toplaşmışdı. Manaf Ağayev də mərhum sənətkarı iki gün əvvəl bir verilişdə görüb.

- Dedim, maşallah, yaxşısan. Dedi yox, öləcəm, bir şey qalmayıb. Son dövrlər eləcə ölməkdən danışırdı. Elə bil hiss etmişdi. Bu gün səhər tezdən zəng gəldi ki, bəs Məhəbbət Kazımov rəhmətə gedib? Dedim, yox, elə bir şey olsaydı mən bilərdim. Elə telefonu yerinə qoydum ki, zəng gəldi ki, qardaşın rəhmətə gedib. Hər sənətkar sözünü deyib gedə bilməz. Məhəbbət sözünü deyib getdi. Məhəbbət Azərbaycanı, Qarabağı sevən sənətkar idi. Dəyərli kişiydi, yaxşı ailə başçısıydı, qeyrətli oğul idi. Allah rəhmət eləsin!"

Binanın qarşısına toplaşan insanların arasında M. Kazımovun oğlu Rəşid Kazımov da vardı. R. Kazımovun sözlərinə görə, sənətkar qardaş ölkə Türkiyədə müalicə alırmış.

- Orda müalicə alırdı. Ancaq diabet və ürək-damar xəstəliyi vardı. Bədəni zəifləmişdi. Qrip oldu, bronxları tutuldu. Bu gün səhər də həkim gəldi baxdı. Sadəcə çatdıra bilmədilər. Nə qədər iynə, dərman verdilər xeyri olmadı. Atam sabah dəfn olunacaq.

M. Kazımovun qardaşı Əhliyyət Kazımov bildirib ki, mərhum sabah günortadan sonra Pirşağı dəfn olunacağını deyir. Dəfndən öncə yaşadığı binanın qarşısında sənətkarla son vida görüşü təşkil ediləcək.(Lent.az)


Allah rəhmət eləsin!